Şəhriyar Abbasov və Bəxtiyar Abbasov qardaşları ilə Xocavənd rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
09 may 2015-ci il tarixdə tanınmış idmçançılar, çoxlu sayda idman yarışlarının qalibləri Şəhriyar Abbasov və Bəxtiyar Abbasov qardaşları ilə Xocavənd rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Rayon İcra hakimiyyəti başçısı və ictimaiyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Şəhriyar və Bəxtiyar Abbasov qardaşları bütün xocavəndlilərin fəxridir: “Fərəhli haldır ki, bu gün bütün Azərbaycan onlarla fəxr edir”. İcra başçısı Bəxtiyar Abbasovun Moskvada keçirilən sambo idman növü üzrə yarışda Ermənistan himnini oturaraq dinləməsinə münasibət bildirərək qeyd etmişdir ki, xocavəndlilər onun hərəkətini anlayışla qarşılayırlar: “Bəxtiyar Abbasov Moskvadakı yarışda yarımfinala gələnə kimi xal vermədən bütün rəqiblərini məğlub edib. Finala çıxmaq üçün keçirilən görüşdə onu rus samboçusuna uduzdurublar. Hakimlər ona xəbərdarlıq verərək qəsdən uduzdurublar. Əgər finala çıxsaydı, Bəxtiyar ermənini asanlıqla məğlub edəcəkdi”. Başçı bildirib ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal olunub doğma yurdlarımız yandırılaraq talan edilib, soydaşlarımız soyqırımına məruz qalıblar: “Neçə illərdir ki, bizə, bütün Azərbaycana qarşı bu haqsızlıq davam edir və indi Moskvada da idmançımıza haqsızlıq ediblər. Bəxtiyar bu haqsızlığa qarşı, ermənilərin törətdikləri cinayətlərə, Azərbaycanın başına gətirilən müsibətlərə, bir sözlə, bütün haqsızlıqlara qarşı öz münasibətini belə bildirib”. Azərbaycanımızın adını daim uca tutduqlarına qatıldıqları yarışlarda ölkəmizi hər zaman layiqincə təmsil etdiklərinə görə idmançılara öz təşəkkürünü bildirən rayon İcra hakimiyyətinin başçısı gələcək fəaliyyətlərində onlara uğurlar arzulayaraq, hər iki idmançını müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Fəxri Fərman”lar və xatirə hədiyyələri ilə təltif etmişdir. Tədbirin sonunda Şəhriyar və Bəxtiyar qardaşlarının döyüş yolundan bəhs edən video rolik nümayiş olunmuşdur.