FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən maarifləndirmə tədbiri keçirilmişdir.
17 iyun 2015-ci il tarixdə Xocavənd qəsəbəsi, Rayon Mədəniyyət evində Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzi Rayon Xəstəxanası işçilərinin, eləcədə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Səhiyyə işçilərinin mülki müdafiə hazırlığının təşkil olunması” mövzularında maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd tibb işçilərinin fövqəladə hallara hazır olması, davranış qaydaları və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq olmuşdur.
Mərkəz əməkdaşları mövzularla bağlı çıxışlar etmiş, verilən sualları cavablandırmışlar. Səhiyyə müəssisəsinin təxliyyə planının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, müəssisənin ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi tibb işçilərinin diqqətinə çatdırılmışdır. Maarifləndirmə tədbirində iştirak edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva tədbiri yüksək qiymətləndirmiş və Mərkəzin əməkdaşlarına maraqlı çıxışlarına görə öz minnətdarlığını bildirmişdir.