ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xocavəndin İcra Hakimiyyətinin başçısı ilə görüşüb.
07 iyul 2015-ci il tarixdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xocavəndin İcra Hakimiyyətinin başçısı ilə görüşüb. Qoşunların Xocavənd rayonu ərazisindən keçən təmas xəttində monitorinq keçirilməsi məqsədilə bölgəyə gələn Yevgeni Şarov və Piter Sverberqer Xocavənd Rayon İcra Hakimiyyətində İH başçısı Eyvaz Hüseynovla bir araya gəliblər. Görüş zamanı Eyvaz Hüseynov qonaqları tezliklə Qarabağda, öz doğma yurdlarımızda salamlayacağına ümid etdiyini bildirib. Bunun üçün isə ilk növbədə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad olunmalı olduğunu və öz vətənində məcburi köçkünə çevrilmiş bir milyon insanın pozulmuş hüquqlarının bərpa olunmasının vacibliyini vurğulayıb. “Bütün bunların baş tutması, regiona əbədi sülhün gəlməsi üçün isə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməli olduğunu bildirib. Lakin uzun müddət davam edən cəzasızlıq şəraitindən istifadə edən Ermənistan qeyri-konstruktiv mövqeyini daha da kəskinləşdirir və ənənəvi havadarlarından əldə etdiyi yardımlar hesabına yeni strateji silahlar almağı planlayır. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı olan ögey münasibət, münaqişənin həllinə ikili standartlardan yaaşma heç cür qəbul edilən və başa düşülən deyil. Bütün bunlara baxmayaraq bu bir reallıqdır ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa olsun öz ərazi bütövlüyünü təmin edəcək. Biz buna bütün sahələr üzrə artan və daha da inkişaf edən iqtisadi potensialımız və günbəgün güclənən, öz qüdrətini artıran ordumuzun sayəsində nail olacağıq” – deyə, başçı bildirib.Monitorinq qrupunun rəhbəri Yevgeni Şarov səmimi qəbul və xoş sözlər üçün təşəkkür edərək bildirib: “Sizinlə olan hər bir görüşümüz belə səmimi bir atmosferdə baş tutur və mən sizi əmin edirəm ki, mən bütün bunları cənab səfirin diqqətinə catdıracam”. Münaqişənin tez bir zamanda sülh yolu ilə ədalətli həll olunacağına ümid etdiyini qeyd edən qrupun rəhbəri bunun üçün mümkün səylərin birləşdirilməsi və artırılmasının vacibliyini vurğulayıb. Daha sonra bölgədəki vəziyyətlə bağlı monitorinq iştirakçılarına ətraflı məlumat verən Eyvaz Hüseynov rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda daha intensiv xarakter daşıdığını bildirib. Hərbiçilərlə yanaşı təmas xətinə yaxın ərazilərdə yaşayan, burada təsərrüfat işləri ilə məşğul olan mülkü şəxslərin, onlara məxsus avtomobillərin, mal-qara və atların Ermənistan ordusu tərəfindən hədəf seçildiyi bildirilib. Təmas xətinə yaxın ərazilərdə yerləşən taxıl sahələrinin məqsədli şəkildə atəşə tutulması nəticəsində baş verən geniş yanğınlar nəticəsində insanların böyük maddi itkilərlə üzləşdikləri, eyni zamanda bu yanğınların ərazinin ekosisteminə də ciddi ziyan vurduğu qrup üzvlərinin nəzərinə çatdırılıb.