Yeni Azərbaycan Partiyası Xocavənd rayon Təşkilatının Şura iclası keçirilmişdir.
21 avqust 2015-ci il tarixdə Xocavənd rayon Mədəniyyət evində Yeni Azərbaycan Partiyası Xocavənd rayon Təşkilatının Şura iclası keçirilmişdir. Tədbirdə Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev və YAP Xocavənd rayon Təşkilatının Şura üzvləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə gələn qonaqları salamladı və Yeni Azərbaycan Partiyasının yaranma tarixindən qısa şərh verərək bildirdi ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaradılmışdır. İyirmi üç illik şərəfli yol keçən, Ulu öndərin "Dünənin, bu günün və gələcəyin partiyası" deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyini, xalq, dövlət qarşısında xidmətlərini diqqətə çatdıran Eyvaz Hüseynov milyonların dəstəklədiyi və arxasınca inamla addımladığı Yeni Azərbaycan Partiyasının illərin sınağından cəsarətlə çıxaraq, mətinləşərək və qüdrəti ilə fərqlənərək qarşıya qoyulan məqsəd və amal uğrunda inamla mübarizə apardığını vurğuladı. Tədbirdə çıxış edən millət vəkili, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Yeni Azərbaycan Partiyasının xalqı ətrafına toplayaraq ümumxalq partiyasına çevrildiyini, eyni zamanda ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirdi. YAP-ın əldə etdiyi nailiyyətlərdən, gördüyü işlərdən danışan millət vəkili 2015-ci ilin noyabr ayında ölkəmizdə keçiriləcək Parlament seçkilərindən də ölkəmizin uğurla çıxacağına inamını bildirdi. Daha sonra çıxış edən YAP Xocavənd rayon Təşkilatının sədri Məhəmmədəli Bayramov, Şura üzvləri 2015-ci ilin noyabr ayında keçiriləcək Parlament seçkilərində təşkilatın aktiv fəaliyyət göstərəcəyinə bir daha inamlarını ifadə etdilər. Sonda YAP Xocavənd rayon Təşkilatının sədri Məhəmmədəli Bayramov pensiya yaşına çatdığı üçün onun səlahiyyətləri başçının müavini Azər Süleymanova həvalə olundu.