Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 23-cü il dönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.
02 oktyabr 2015-ci il tarixdə Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 23-cü il dönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir. Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılımış Abidə Kompleksi önünə gül qoyulması ilə başlanan tədbir Xocavənd qəsəbəsi Bayraq meydanında davam etmişdir. Tədbirdə vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Anım mərasimində rayon ictimaiyyəti nümayəndələri ilə bərabər, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Respublikası Prezidenti yannda Bilik Fondunun nümayəndələri, N saylı hərbi hissənin əsgər və zabitləri, Şəhid ailələri, veteranlar və KİV-nin nümayəndələri iştirak etmişlər. Tədbirdə ilk öncə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov xocavəndlilərin ermənilərə qarşı inadlı müqavimət göstərdiyini bu torpaqların hər qarışı uğrunda qanlar töküldüyünü, şəhidlər verildiyini, bu qeyri – bərabər döyüşlərdə rayonun uşaqlı – qadınlı, cavanlı - qocalı bütün sakinlərinin qəhrəmanlıqla iştirak etdiyini bildirmişdir. Tədbirdə digər çıxış edənlər də Xocavənd rayon sakinlərinin Qarabağ müharibəsi zamanı düşmənə qarşı əzmkarlıqla mübarizə apardıqlarını və münaqişə zamanı çox böyük itkilər verdiklərini bir daha vurğulamışlar.
Sonda tədbir Salakətin kənd tam orta məktəbinin , Beyləqan korpusunun və Beyləqan xalq teatrının hazırladıqları ədəbi-bədii kompozisiyaların nümayişi ilə başa çatmışdır.
Məlumat üçün bildiririk ki, 1992-ci il oktyabrın ayının 2-də Xocavənd rayonu Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilmiş, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilmişdir. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılmışdır. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılmış, talan edilərək yararsız hala salınmışdır. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəymişdir. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilmişdir.4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərilmiş bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilmişdir. Bu qeyri – bərabər döyüşlərdə rayonun uşaqlı – qadınlı, cavanlı - qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak etmişlər. Ermənilərlə qeyri – bərabər mübarizədə 4 ay mühasirədə qalan Qaradağlıkəndində 91 nəfər şəhid olmuşdur, bu da kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir. Xocavəndlilər öz ata - baba yurdlarının müdafiəsi uğrunda 145 nəfər şəhid vermişdir, bu da rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biri deməkdir. Zorla cəlb olunduğumuz bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirmiş və ya əlil olmuş, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirmişdir. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olmuş, bir ailədən olan 3 uşaq hər iki valideynini itirmişdir.