“Sənin səsin - sənin gələcəyin” devizi altında toplantı keçirilmişdir.
Xocavənd rayon İcra hakimiyyəti Gənclər və İdman idarəsi ilə birgə 15 oktyabr 2015-ci il tarixdə Ağcabədi rayonunda Məcburi köçkünlər üçün salınmış 556 mənzilli hündürmərtəbəli yaşayış massivində yerləşən Xocavənd kənd Mədəniyyət evində ilk dəfə səs verən gənclərin iştirakı ilə “Sənin səsin - sənin gələcəyin” devizi altında toplantı keçirmişdir. İlk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işi aparmaq, onları seçkilərdə iştirakın bir çox prinsipləri ilə tanış etmək və seçkilərdə fəal iştirak etməyə səsləmək məqsədi ilə keçirilən toplantıya 117 nəfər qatılmışdır. Tədbirdə ilk dəfə səs verən gənclər, rayonun fəal, tanınan və uğur qazanmış gəncləri, rayon ictimaiyyətinin və Ağsaqqallar Şurasının rayon şöbəsinin bəzi nümayəndələri, həmçinin “Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi”nin Qarabağ Regional ofisinin rəhbəri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Xocavənd rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev ilk dəfə səs verəcək gəncləri təbrik etmiş, onlara uğurlar arzulamışdır. Bildirmişdir ki, bu toplantının keçirilməsində əsas məqsəd ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işi aparmaq, onları seçkilərdə iştirakın bir çox prinsipləri ilə tanış etmək və seçkilərdə fəal iştirak etməyə səsləməkdir. Daha sonra “Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi”nin Qarabağ Regional ofisinin rəhbəri Qafarova Radə Telman qızı çıxış edərək qeyd etmişdir ki, seçkilər müasir demokratik cəmiyyətin əsas göstəricisi, demokratiyanın bərqərar olmasının mühüm formasıdır. Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşması demokratik prinsiplərə əsaslanan seçki hüququ ilə təmin edilir. Xalq hakimiyyətinin təmin edilməsi seçkilər nəticəsində ortaya çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsini əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin əməkdaşları Nicat Şirinov və Nasir Quliyev demokratik seçkilərin sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil etdiyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, gənclərin yüksək enerjiyə malik olması və hadisələrə daha real yanaşması baxımından gənclərin seçkilərdə iştirakı çox əhəmiyyətlidir və vacib amillərdən biridir. Sonda rayon İcra hakimiyyəti başçısının Xocavənd Kənd inzibati Dairəsi üzrə Nümayəndəsi İltifat Hüseynov çıxış edərək gənclərimizi seçkilərdə daha fəal olmağa çağırdı, eyni zamanda ölkədə gedən proseslərə öz münasibətlərini bildirməli olduqlarını vurğuladı.