Şriftin ölçüsü :

Saytın rəngi :

Görülmüş işlər və qarşıda duran vəzifələr.

16 oktyabr 2012 | 15:00

15 oktyabr 2012- ci il tarixdə Xocavənd rayonunda 2012-ci ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağına rayonun İnzibati ərazi nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri fermerlər, sahibkarlar, ictimai təşkilatların rəhbərləri dəvət olunmuşlar Hesabat yığıncağını Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov açmışdır. RİH başçısı öz hesabatında qeyd etmişdir:
Hörmətli yığıncaq iştirakçıları,
Xanımlar və cənablar!
Azərbaycan xalqının müasir dövlətçiliyinin təşəkkül tapmasında müstəsna xidmətləri olmuş Ulu öndər ölkənin dinamik inkişafı üçün sistemli tədbirlər həyata keçirməklə yanaşı, iqtisadi inkişafın elmi-nəzəri əsaslarının formalaşdırılması, ümumilikdə iqtisadi nəzəriyyənin real həyatla əlaqələndirilməsi məsələlərinə də xüsusi diqqət ayırmışdır.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasını yeni əlavələrlə zənginləşdirərək daha modern hala gətirməsi Respublikamızın intibahında yeni bir mərhələ açmışdır. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosial problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirmiş, qazanılan nailiyyətlərin miqyasının davamlı şəkildə genişlənməsinə rəvac vermişdir.
Oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli nitqində qeyd etdiyi kimi ümumiliklə iqtisadiyyatda doqquz ayda 1,1 faiz artım olduğu halda, qeyri-neft sektorunda iqtisadiyyat 10,3 faiz artmışdır ki, bu da öz növbəsində son illərin ən vacib göstəricisidir. Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur ki, bu sərmayələrin əsas hissəsi, təqribən 70 faizi, daxili investisiyalardır.
2012-ci ilin doqquz ayı ərzində prioritet sahələrdən olan kənd təsərrüfatında artım 6,3 faiz olmuşdur. Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artaraq, hazırda 45 milyard dollar səviyyəsinə çatmışdır. İqtisadi sahədə olan inkişaf insanların yaşayış səviyyəsinə də öz təsirini göstərir. Belə ki, hesabat dövrü ərzində əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır. İnflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Doqquz ayın göstəriciləri eyni zamanda onu göstərir ki, Azərbaycanda ümumi sənaye istehsalı neft hasilatının aşağı düşməsi nəticəsində 3,5 faiz azalmış, ancaq qeyri-neft sənayesi 7,7 faiz artmışdır. Bölgələrdə regionların inkişaf proqramının uğurla icra edilməsinin nəticəsində 2012-ci ilin 9 ayı ərzində 94 min iş yeri açılmışdır ki, onlardan da 73 mini daimi iş yeridir.
Məcburi köçkün əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Neft Fondundan ayrılmış 300 milyon manat vəsait hesabına yeni qəsəbələr və çoxmərtəbəli yaşayış massivləri salınmış və bu işlərin gələcəkdə daha intensiv surətdə davam etdirilməsi nəzərdə tutulmuşdur. Öz çıxışında Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu bir daha vurğulayan cənab Prezident qeyd etmişdir ki, “Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndində dalğalanacaqdır. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır”.
Azərbaycan Respublikası regionlarının sosial inkişafına dair “Dövlət Proqramı”nın uğurla davam etdirilməsi nəticəsində bölgələrin davamlı inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. “Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunda da bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Dövlət Proqramı”na əlavələrdə nəzərdə tutulmuş bəndlərdə rayonun “Yeni Tuğ” qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və digər 200 ailə üçün həmin ərazidə yeni qəsəbənin salınması məqsədilə yaşayış evlərinin tikintisi altına 65 ha, kənd təsərrüfatı məqsədi ilə 320 ha olmaqla cəmi 385 ha torpaq sahəsi ayrılmış, layihə smeta sənədləri hazırlanıb Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna göndərilmişdir. Bununla yanaşı Ağcabədi rayonu “Alman” qəsəbəsində məskunlaşmış Xocavənd rayonundan olan 215 ailə, 793 nəfər Ağcabədi rayonu ərazisində məcburi köçkünlər üçün tikilmiş çoxmərtəbəli binalara köçürülmüşdür. Xocavənd qəsəbəsinin abadlaşdırılması, Təhsil və Polis Şöbəsi üçün inzibati binanın tikintisi, Bayraq Meydanının və idman zalının tikintisi ilə bağlı işlərə başlanılmış və hal-hazırda işlər davam etdirilir. Rayon Poçtamtının əsaslı təmiri isə başa çatdırılmışdır.
Xocavənd qəsəbəsinin telefonlaşdırılması işlərinə başlanılmış, bu məqsədlə qəsəbədə 512 abonentlik Türkiyə Respublikasının “Karel” şirkətinin Elektron ATS-i quraşdırılmışdır. Hazırda qeyd olunan qəsəbədə 130 evə telefon xəttinin çəkilməsi təmin edilmiş və bu istiqamətdə işlər davam etdirilir.
“Yeni Xocavənd” və ”Xocavənd” qəsəbəsinin qazlaşdırılması başa çatdırılmış, “Yeni Tuğ” qəsəbəsində isə işlər davam etdirilir. Xocavənd qəsəbəsində sakinlərin öz məvacib və pensiyalarını alması üçün bankomat quraşdırılıb və rayon əhalisinə xidmət göstərir.
2012-ci ildə də idarə, müəssisə və təşkilatlar tərəfindən rayon ərazisində böyük həcmli abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Belə ki, 2011-ci ildən cari ilin müvafiq dövrünə kimi 2362 ədəd həmişəyaşıl küknar ağacı, 1950 ədəd xançinarı və 680 ədəd müxtəlif növ meyvə ağacları alınaraq əkilmişdir. Bununla yanaşı Rayon İcra Hakimiyyətinin inzibati binası yerləşən ərazinin 3000m2 sahəsində həmişəyaşıl ot örtüyü və 20 ədəd tuya ağacı əkilmişdir. Bütün bunlarla yanaşı, gələcəkdə rayonumuzun daha da abadlaşması işini təmin etmək məqsədi ilə, 3000 ədəd xançinar, 6000 ədəd həmişəyaşıl küknar, 1000 ədəd müxtəlif növ qızılgül, 2000 ədəd leqüstür şitilləri yetişdirilmişdir ki, bu da gələcəkdə görüləcək işlərə öz töhfəsini verəcəkdir.
Rayon Məşğulluq Mərkəzinə 2012-ci ilin doqquz ayı ərzində 114 nəfər (62 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, onlardan 85 nəfəri işlə təmin edilmişdir. İşlə təmin olunmuş vətəndaşlardan 37 nəfəri qadın, 30 nəfəri isə gənclər olmuşdur.
Məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə son səkkiz ildə rayonda 886 yeni iş yeri açılmışdır ki, onlardan 553-ü daimi iş yeridir. Bunlardan 57 iş yeri hesabat dövrü ərzində açılmış iş yerləridir.
Xocavənd rayon Vergilər şöbəsi doqquz ay ərzində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı tədiyyə növləri üzrə 468.6 min manat proqnoza qarşı 494.0 min manat dövlət büdcəsinə vəsaitin köçürülməsini təmin edilmiş və proqnoza 105.4 faiz əməl olunmuşdur. Büdcəyə vergi və digər daxilolmaların 2011-ci ilin doqquz ayı ilə, cari ilin müvafiq dövrü ilə müqayisədə 126.2 faiz çox olmuşdur.
2012-ci ilin doqquz ayı ərzində rayonun fərdi və fermer təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 1871, o cümlədən inək və camışlar 916 baş, qoyun və keçilər 13457 baş olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı (diri çəkidə) 1024 sentner, süd istehsalı (fiziki çəkidə) 3809 sentner, yumurta istehsalı (min ədədlə) 129, yun istehsalı 195 sentner olmuşdur.
Rayon ərazisində 21 fərdi sahibkar təsərrüfatı, 497 ailə kəndli və ev təsərrüfatı əkinçiliklə məşğuldur. 2012-ci ilin doqquz ayı ərzində 9870.3 hektar buğda sahəsindən 210237.4 sentner ( hər hektara 21,5 sentner), 150 hektar arpa sahəsindən 2400 sentner (hər hektara 16 sentner), 8 hektar kartof sahəsindən 752 sentner (hər hektara 94 sentner), 22 hektar tərəvəz sahəsindən isə 2112 sentner məhsul əldə olunmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və mühərrik yağlarına görə dövlət tərəfindən kənd təsərrüfat istehsalçılarına çatacaq 406392 (dörd yüz altı min üç yüz doxsan iki) manat 20 qəpik məbləğində vəsait plastik kart vasitəsi ilə istehsalçılara ödənilmişdir.
2012-ci ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə və qeyri-büdcə gəlirlər plan proqnozu 601.9 min manat o cümlədən, 579.3 min manat büdcə, 22.6 min manatı qeyri-büdcə təşkil edir. Büdcə üzrə plan proqnoz 579.3 min manata qarşı 542.1 min manat 93 faiz, qeyri-büdcə üzrə 22.6 min manata qarşı 17.3 min manat 76 faiz əməl edilmişdir. Ümumiyyətlə məcburi dövlət sosial sığorta haqları üzrə plana 93 faiz əməl olunmuşdur. Cari ildə işləyən və işləməyən əhaliyə müavinətlərin ödənilməsi üçün 1420.6 min manat vəsait xərclənmişdir.
Xocavənd Rayon Təhsil Şöbəsinin nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidaidir. Bundan əlavə 2 məktəbdənkənar müəssisə vardır. Hal-hazırda təhsilə cəlb edilmiş 1900 nəfər şagirdin təlim tərbiyəsi ilə 353 müəllim məşğul olur.
2012-2013-cü tədris ilində bütün ümumtəhsil məktəbləri üzrə I siniflərə 235 nəfər şagird qəbul olunmuş, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ibtidai siniflərə pulsuz olaraq 308 dəst məktəbli forması, Heydər Əliyev Fondu tərəfindən hər il olduğu kimi bu il də I sinif şagirdlərinə məktəbli çantası hədiyyə olaraq paylanmışdır.
18 iyun 2012-ci il tarixdə buraxılış imtahanları keçirilmiş və imtahanlarda IX sinif üzrə iştirak etmiş 159 şagirddən 124 nəfər şəhadətnamə, XI sinif üzrə iştirak etmiş 102 şagirddən 86 şagird attestat almışdır.
Bu il məzunlardan 63 nəfər ali məktəbə sənəd vermişdir ki, bunlardan 28 nəfər ali məktəblərə, 16 nəfər məzun isə orta ixtisas məktəblərinə qəbul olmuşlar.
Rayon Mərkəzi Xəstəxanası üzrə 32 ali təhsilli müxtəlif ixtisaslı həkim və 121 nəfər orta ixtisaslı tibb işçiləri, 118 nəfər isə texniki işçilər çalışırlar. 2012-ci ilin doqquz ayı ərzində 394 nəfər xəstə stasionar şöbədə müalicə olunmuşdur, 8 nəfər xəstə isə cərrahiyə şöbəsində əməliyyat olunmuşdur. Hesabat ərzində uşaq və ana ölümü qeydə alınmamışdır. Şəkərli diabet xəstəliyi ilə 847 nəfər, 22 nəfər vərəmli xəstə və 56 kontaktı ilə birlikdə dispanser qeydiyyata götürülmüşdür. Bundan əlavə 11 nəfər onkoloji xəstə və 26 nəfər ruhi xəstə dispanser qeydiyyata götürülmüşdür. 24 sentyabr 2012-ci il tarixdə Xocavənd Rayon Mərkəzi Xəstəxanasında qan xəstəliyindən əziyyət çəkənlər üçün könüllü qanvermə aksiyası keçirilmişdir.
2012-ci ilin doqquz ayında rayon Mədəniyyət və Turizm Şöbəsində müxtəlif mövzularda tədbirlər keçirilmiş, bu tədbirlərin əksəriyyəti milli adət-ənənələrimizin qorunub saxlanması, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, tarixi günlərin və əlamətdar hadisələrin qeyd edilməsi mövzusunda olmuşdur. 2012-ci ilin aprel ayının 28-də Xocavənd rayonunda elektron kitabxananın açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 06 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008–2013– cü illərdə inkişafı üzrə Dövlət proqramı”na uyğun olaraq Xocavənd rayonu haqqında məlumat bazası hazırlanmış və kitabxananın veb saytında yerləşdirilmişdir.
(http:// www. xocavendmks.com) “Xocavənd rayonu haqqında” məlumat bazasında Xocavəndin tarixi, mədəniyyəti , habelə Qarabağ müharibəsində şəhid olmuş xocavəndlilər haqqında məlumatlar öz əksini tapmışdır.
2012-ci ilin doqquz ayı ərzində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatında, yerli struktur bölmələrində, idarəetmə orqanlarında vətəndaşların qəbulu, onların ərizə, şikayət və təkliflərinə baxılması işi Azərbaycan Respublikası Prezidentinin 25 iyul 1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 347 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçısı aparatında sənədlərlə iş barədə təlimat”ın, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı ilə təsdiq edilmiş ”Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın tələblərinə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin tövsiyə və tapşırıqlarına uyğun olaraq həyata keçirilmiş, vətəndaşların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşılmış, onları doğuran səbəblər vaxtında araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.
Tərtib olunmuş qrafikə uyğun olaraq həftənin ayrı-ayrı günlərində İcra Başçısı, müavinlər və şöbə müdirləri tərəfindən vətəndaşlar qəbul edilmiş, bununla belə, rayon sakinlərinin Respublikanın müxtəlif rayonlarında pərakəndə şəkildə məskunlaşdığını nəzərə alaraq bu qəbullara vaxt məhdudiyyəti qoyulmamışdır. Hesabat dövrü ərzində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 66 nəfər(2011-ci ildə 72 nəfər), ayrı-ayrı şöbələr tərəfindən isə 505 nəfər rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər yerindəcə öyrənilmiş və vətəndaşlara lazımi köməkliklərin göstərilməsi üçün müvafiq işlər görülmüşdür.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşlardan 9-u (13,7 %) işlə təmin olunma, 2-si (3,0 %) kənd təsərrüfatı və torpaq işləri, 25-i (37,9 %) evlə təmin olunma və evinin təmiri, 10-u (15,1 %) ayrı təsərrüfat olma, 6-sı (9,1 %) ünvanlı sosial yardım, 4-ü(6,1 %) təhsil məsələləri, 10 (15,1 %) nəfəri isə digər məsələlərlə bağlı müraciət etmişdir. Müraciət edən hər bir vətəndaş lazımi səviyyədə dinlənilmiş və onların problemlərinin həll edilməsi üçün mövcud imkanlardan maksimum səviyyədə istifadə olunmuşdur.
Hesabat dövrü ərzində məcburi köçkünlərin məskunlaşdığı 9 rayonda 37 səyyar qəbul keçirilmişdir ki, bu görüşlərdə 981 nəfər rayon sakini iştirak etmişdir.
Doqquz ay ərzində müxtəlif problemlərlə bağlı qaldırılmış 77 məsələdən 2 məsələ barəsində Mərkəzi İcra orqanları qarşısında, kollektiv formada 18 nəfər (6 məsələ barədə) , fərdi qaydada 41 nəfər tərəfindən qaldırılmış müraciətlə bağlı yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 16 müraciətin icrası ilə bağlı rayon təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.
Mərkəzi İcra orqanları qarşısında qaldırılan 2-i məsələdən birinin icrası başa çatdırılmış, digərinin icrası başa çatmaq üzrədir.
Yerli icra hakimiyyəti orqanları qarşısında qaldırılmış 31, o cümlədən, gənc ailələrin ailə təsərrüfatından ayrılması ilə bağlı 3, içməli su ilə bağlı 7, yemək xərci müavinəti məsələləri ilə bağlı 6, birdəfəlik maddi yardım məsələləri ilə bağlı 4, müharibə veteranı adı verilməsi ilə bağlı 3, plastik kart məsələləri ilə bağlı 3 məsələ öz müsbət həllini tapmış, işlə təmin olunma ilə bağlı 3, yeni iş yerlərinin yaradılması ilə bağlı 2 nəfərin müraciəti ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. 28 müraciətə Rayon İcra Hakimiyyəti başçısı və aidiyyəti şəxslər tərəfindən yerində izahat verilmişdir. Bu məsələlərdən 21-i Beyləqan rayonu ərazisində tikintisi nəzərdə tutulmuş qəsəbədə evlə təmin olunma ilə bağlı olmuşdur.
16 müraciətin icrası üçün rayon təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir. Bunlardan 9-u ünvanlı sosial yardım və sosial müavinət məsələləri, 1-i pay torpağının suvarılması üçün su keçidinin qurulması, 2-si içməli su ilə təmin olunma ilə bağlı məsələ olmuşdur ki, bu məsələlər də öz müsbət həllini tapmış, 4 məsələ ilə bağlı izahat işləri aparılmışdır.
Doqquz ay ərzində səyyar qəbullar zamanı qaldırılmış məsələlərin 50,7 %-i öz müsbət həllini tapmış, 44,1%-i barədə müvafiq tədbirlər görülmüş və 5,2 %-i ilə əlaqədar aidiyyatı üzrə məsələ qaldırılmış və nəzarətdə saxlanılır. Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın 10.02.2012-ci il tarixli 04 saylı iclasında 2011-ci il ərzində keçirilmiş Səyyar qəbullar müzakirə edilərək, qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılmış problem və çatışmazlıqların vaxtlı-vaxtında aradan qaldırılmasının diqqət mərkəzində saxlanılması şöbə müdirlərinin, icra nümayəndəliklərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin nəzərinə çatdırılmışdır.
2011-ci ilin doqquz ayı ərzində İcra Hakimiyyəti Aparatına 203 vətəndaş müraciəti daxil olmuşdursa, 2012-ci ildə bu rəqəm 257 (bunlardan 14-ü təşkilat daxili müraciətlərdir) olmuşdur. Bu müraciətlər vətəndaşların daha çox öz gündəlik qayğılarını əhatə edir ki, onlardan 20-si (7,8 %) Azərbaycan Respublikası Prezident Administrasiyasından, 3-ü(1,2 %) Milli Məclisdən, 30-u (11,7%) Nazirlər Kabinetindən, 35-i(13,6%) Mərkəzi İcra orqanlardan, 169-u (65,7%) isə birbaşa Xocavənd Rayonu İcra Hakimiyyətinə daxil olan müraciətlərdir.
Müvafiq dövr ərzində Xocavənd Rayon İcra Aparatına daxil olan müraciətlərin 87,2 faizini(224) ərizələr, 12,8 faizini(33) şikayətlər (2011-ci ilin müvafiq dövrü ərzində isə müraciətlərin 92,1 faizini(187) ərizələr, 7,9 faizini(16) şikayətlər) təşkil etmişdir.
Göründüyü kimi keçən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin miqdarı xeyli artmışdır. Əhalinin yaşayış evi ilə təminatındakı çətinliklər və yeni salınmış qəsəbə ərazilərində iş yerlərinin azlığı müraciətlərin artmasına şərait yaradan əsas amillərdir.
Müraciətlərdən 58 faizi (149 müraciət) müsbət həll edilmiş, 3,5 faizi (9 müraciət) qismən həll edilmiş, 32,7 faizi (84 müraciət) ilə bağlı müvafiq izahat işləri aparılmış, 2,3 faizi (6 müraciət) əsassız sayılmış, 3,5 faizi (9 müraciət) icradadır.
Müraciətlərin 1-i (0,4%) Rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə, 15-i (5,8%) kənd təsərrüfatı məsələləri, 5-i (2,0 %) təhsil məsələləri, 72-si (28,0%) əmək və əhalinin sosial müdafiəsi məsələləri, 1-i (0,4%) enerji və istilik təchizatı məsələləri, 45-i (17,5%) mənzil məsələləri, 38-i (14,8%) hüquq məsələləri, 65-i (25,3%) ailə və məişət məsələləri, 15-i (5,8 %) isə digər məsələlərlə bağlı olmuşdur.
2012-ci ilin doqquz ayı ərzində Rayon İcra Hakimiyyəti Aparatının rəsmi saytına (www.xocavend-ih.gov.az) 7 müraciət daxil olmuşdur ki, bu müraciətdən 1-i evlə təmin olunma, 3-ü işlə, 3-ü isə digər məsələlərlə bağlı müraciətlərdir.
2011-ci ilin müvafiq dövründə təkrar ərizələrin sayı 10 olmuşdursa, bu rəqəm 2012-ci ilin doqquz ayı ərzində artaraq 31-ə çatmışdır. Təkrar müraciətlərin 27-si yuxarı orqanlara, 4-ü isə birbaşa Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərdir. Yuxarı orqanlara yazılmış təkrar müraciətlərdən 5-i yaşayış evi ilə təmin olunma, 10-u torpaq məsələləri, 4-ü Milli Qəhrəman adının verilməsi, 1-i Prezident təqaüdünün verilməsi, 1-i maddi köməklik, 5-i isə digər məsələlərlə bağlı, birbaşa Rayon İcra Hakimiyyətinin ünvanına yazılan təkrar müraciətlərdən isə 3-ü sosial müavinət məsələləri, 1-i işlə təmin olunma ilə bağlı məsələlər olmuşdur.
2012-ci ilin doqquz ayı ərzində Rayon İcra Hakimiyyəti Aparatına 238 xidməti sənəd daxil olmuş, Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 97 əmr və 55 sərəncam verilmişdir. Bu sərəncamlardan 2-si hesabat yığıncağından irəli gələn məsələlər, 1-i dövlət proqramının icrası, 10-u mədəni kütləvi tədbirlər, 7-si təltif və mükafatlandırma, 3-ü hərbi çağırış, 3-ü kənd təsərrüfatı işləri, 1-i qəyyumluq və himayəyə verilmə, 4-ü nikah yaşının azaldılması, 2-si maddi köməklik, 9-u yeni vəzifəyə təyin olunma, 13-ü isə digər məsələlərlə bağlı verilmiş sərəncamlardır. Verilmiş sərəncam və əmrlərin icrasına aidiyyəti şöbələr tərəfindən nəzarət olunmuş, icranın nəticəsi ilə bağlı İcra başçısının adına arayış tərtib edilmişdir.
Keçirilmiş Şura iclaslarında rayonun sosial, iqtisadi, səhiyyə, mədəniyyət məsələləri ilə bağlı 21 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 31 məsələ müzakirəyə çıxarılmışdır. Şura yığıncağına çıxarılmış məsələlər geniş şəkildə müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunaraq aidiyyəti üzrə ünvanlara çatdırılmış və icrasına nəzarət olunmuşdur. Həmçinin idarə və təşkilatlarda keçirilən toplantılarda, eləcə də kənd icra nümayəndəliklərinin əhali ilə keçirdikləri tədbirlərdə bu barədə geniş məlumatlar verilmişdir.Doqquz ay ərzində Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şuranın iki səyyar iclası keçirilmişdir. Keçirilmiş Şura iclaslarında işində yol verdiyi nöqsana görə bir nəfər idarə müdirinə xəbərdarlıq edilmiş, 5 məsələnin müzakirəsi zamanı şöbə müdirinə və təşkilat rəhbərinə, 2 məsələnin müzakirəsi zamanı isə 11 məktəb direktoruna işlərindəki çatışmazlıqların tezliklə aradan qaldırılması məqsədilə konkret tapşırıqlar verilmişdir.
Hesabat dövrü ərzində Rayon İcra Hakimiyyətində 10 müşavirə, 6 konfrans, tarixi hadisələr, əlamətdar günlər, eləcə də digər məsələlərlə bağlı 25 tədbir keçirilmiş və təlimata uyğun protokollarla rəsmiləşdirilmişdir.
Xocavənd rayonunun azərbaycanlı əhalisi 01.10.2012-ci il tarixə 11261 nəfərdir. Onlardan 11254 nəfər azərbaycanlı, 4 nəfər rus, 3 nəfər ukraynalılar təşkil edir. Rayon sakinlərindən 1151 ailə , 4520 nəfər Beyləqan rayonu ərazisində, 500 ailə, 1996 nəfər Ağcabədi rayonu ərazisində, 104 ailə, 439 nəfər Sumqayıt şəhərində, 866 ailə 3353 nəfər Bakı şəhərində və 196 ailə, 953 nəfər Respublikanın digər şəhər və rayonlarının ərazisində məskunlaşmışdır. Rayon əhalisinin 165 nəfəri müvəqqəti olaraq xarici ölkədə yaşayırlar.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xətti ilə təbii qazla təmin olunmayan rayonlarda müvəqqəti məskunlaşmış rayonun məcburi köçkün ailələrinə 2012-ci ilin qış mövsümündə hər bir ailəyə 40 litr olmaqla 2 dəfə soba yanacağı paylanmışdır.
2012-ci ilin doqquz ayı ərzində Xocavənd rayonu üzrə doğulan uşaqların sayı 132, vəfat edən vətəndaşların sayı isə 50 nəfər olmuşdur. Əhalinin təbii artımı 82 nəfər təşkil edir. Hesabat dövrü ərzində rayona qeydiyyata düşən vətəndaşların sayı 186 nəfər, ailə vəziyyətləri ilə əlaqədar qeydiyyatdan çıxan vətəndaşların sayı isə 45 nəfər təşkil etmişdir. Əhalinin miqrasiya artımı 141 nəfər olmuşdur. Doqquz ay ərzində Xocavənd rayonu üzrə 29 ailə arasında rəsmi nikah bağlanmış və 3 nikahın pozulması qeydə alınmışdır.
Xocavənd rayonu üzrə məcburi köçkün əhalinin sayı 01.10.2012-ci il tarixə 10198 nəfərdir. Onlardan hərbi xidmətə gedənləri, xarici ölkədə olanları və digər səbəblərdən aylıq yemək xərci müavinəti almayanları çıxmaqla 2817 ailə, 9010 nəfər aylıq yemək xərci müavinətini plastik kartla bankomatlar vasitəsi ilə alırlar.
Xocavənd rayonu üzrə 01 oktyabr 2012-ci il tarixə gənclərin sayı 3230 nəfər olmuşdur ki, onlardan 1649 nəfəri qadınlar, 1581 nəfəri isə kişilərdir. Rayon üzrə 545 gənc ailə vardır.
Xocavənd rayon Gənclər və İdman idarəsi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, sağlam həyat tərzini təbliğ etmək istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Hüquq mühafizə orqanları ilə işgüzar əlaqələrin yaranmasının nəticəsində davamlı sabitlik qorunub saxlanılmış, cinayətlərin bütün təzahürləri ilə mübarizədə müsbət nəticələr əldə olunmuşdur. Xocavənd Rayon Polis Şöbəsinin şəxsi heyəti əvvəlki illərdə olduğu kimi rayon ərazisində cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində xeyli işlər görmüş, əməliyyat şəraitinə nəzarət etməklə profilaktiki fəaliyyət funksiyasını yerinə yetirmişdir. Azyaşlılar arasında cinayət və hüquq pozmalarının, eləcə də nəzarətsizliyin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq rayonda azyaşlılar arasında cinayət hadisələrinin törədilməsi faktları qeydə alınmamışdır.
Qeyd etmək lazımdır ki, görülmüş işlər və qazanılmış uğurlarla yanaşı müəyyən çatışmazlıqları da qeyd etmək lazımdır. Belə ki, RİAİS vasitəsilə Mərkəzi Serverə verilmiş məlumatların 2003-2011-ci illər üzrə təhlili zamanı müəyyən problemlərin olduğu aşkarlanmışdır. Belə ki, 2003-cü ildə rayondan daimi yaşamaq üçün gedənlərin sayı 23 nəfər olduğu halda, 2011-ci ildə bu göstərici 51 nəfər təşkil etmişdir. 2003-cü ildə Bakı, Sumqayıt şəhərlərində və Abşeronda məskunlaşmış rayon əhalisinin sayı 2127 nəfər təşkil edirdisə, 2011-ci ildə isə bu rəqəm 3792 nəfərdir. İcra Nümayəndəlikləri əhalinin miqrasiyasının artma səbəblərini aydınlaşdırmalı və bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinə nail olmalıdırlar.
Respublikanın digər rayonlarında məskunlaşmış rayon sakinlərinin ünvanlı dövlət sosial yardımının alınmasında çətinliklərin mövcud olması da müəyyən edilmişdir.
2012-ci ildə rayonun 17 ümumtəhsil məktəblərində 1900 şagird təhsil alır, məktəblərdə ümumilikdə 54 kompyuter dəsti vardır ki, buda hər 35 şagirdə 1 kompyuter dəsti dəstinin düşməsi deməkdir. Rayon ümumtəhsi məktəblərində kompyuterin sayının aşağı olması ilə əlaqədar Təhsil şöbəsinin rəhbərliyi müəyyən tədbir görməlidir.
İnanırıq ki, rayonumuzun zəhmətkeş, əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda tarixin sınaqlarından üzü ağ çıxmış xocavəndlilər də öz imkanlarından maksimum dərəcədə istifadə edəcəklər.
Xocavəndlilər bundan sonrakı fəaliyyətlərində də ölkə başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirəcəklər.

 

Keçidlər