Xocavənd gəncləri “informasiyamüharibəsində”
03 noyabr 2015-ci il tarixində Xocavənd rayonu Musiqi məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın haqq səsinin dünyaya çatdırılması mövzusunda cəbhəyanı ərazilərdə gənclərlə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində konfrans təşkil edilmişdir. 63 nəfərin iştirak etdiyi konfransda layihə haqqında məlumat verildi, bu sahədə həyata keçirilən dövlət tədbirləri, informasiya müharibəsi anlayışı, mövcud statistika, Azərbaycanın diaspora fəaliyyəti, İKT resursların Qarabağ savaşındakı rolu, gənclərin bu mövzuda üzərinə düşən vətəndaş məsuliyyəti və digər mövzular haqqında danışıldı. Sonda vikipediyada qeydiyyatdan keçmək və məqalə yerləşdirmək, bloq yaratmaq və ondan istifadə qaydaları, sosial şəbəkələr və ondan düzgün və səmərəli istifadə, youtubedə qeydiyyat prosesi, video yerləşdirmək və digər məsələlər gənclərə internet vasitəsilə əyani şəkildə göstərilərək izah edilmişdir. Qeyd edək ki, layihə Azərbaycanın haqq səsinin dünyaya daha geniş şəkildə çatdırılmasına töhfə vermək məqsədi daşıyır.