02 fevral 2016-cı il tarixdə Xocavənd rayon Mədəniyyət evində “2 Fevral - Azərbaycan Gəncləri günü”nə həsr olunmuş bədii əyləncəli mərasim keçirilmişdir.
02 fevral 2016-cı il tarixdə Xocavənd rayon Mədəniyyət evində “2 Fevral - Azərbaycan Gəncləri günü”nə həsr olunmuş bədii əyləncəli mərasim keçirilmişdir. Rayonun ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, idmanın müxtəlif növlərində, müsabiqə və intellektual oyunlarda yüksək nailiyyətlər qazanan gənclərlə bərabər rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşlarının da iştirak etdiyi tədbirdə rəngarəng mahnılar və şeirlər ifa edilmiş, səhnəciklər nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilk olaraq gəncləri təbrik etmiş, dövlətin gənclərlə iş və idman sahəsində yürütdüyü siyasətdən danışmışdır. Başçı çıxışında son illər Azərbaycanın iqtisadi cəhətdən daha da güclənməsini, beynəlxalq nüfuzunun durmadan artmasını, regionda lider dövlətə çevrilməsini möhtərəm Prezidentimizin məqsədyönlü siyasətinin bəhrəsi olduğunu qeyd etmişdir. Eyvaz Hüseynov gənclərə dəyərli tövsiyyələr verərək bildirmişdir ki, Azərbaycan gəncliyi daim sağlam, gümrah, dərin biliyə malik olmalı və öz üzərində çalışmalıdır. Ərazi bütövlüyümüzün bərpası bizim ümdə, ən əsas vəzifəmizdir və gənclərimizin hər biri öz çalışdığı sahədə əlindən gələni etməlidir ki, bu arzular, bu istəklər gerçəkləşsin. Tədbirdə Xocavənd rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev görülən işlərdən danışaraq qeyd etmişdir ki, idarə tərəfindən həyata keçirilən tədbirlər gənclərin maraqlarına, mənafe və ehtiyaclarına uyğunlaşdırılmışdır. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, ictimai-siyasi fəallığının artmasına kömək göstərilməsi, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi və bu kimi digər məsələlər hər zaman idarənin diqqət mərkəzində olmuşdur. Aslan Quliyev daha sonra bidirmişdir ki, bugünkü gənclərin həyatı çox surətli və dinamik cərəyan edən tarixi bir zamana təsadüf edir. Biz bunu dünyada, həmçinin Azərbaycanda gedən sosial-iqtisadi proseslərə, gənclər hərakatının inkişafına, regionda və dünyada baş verən hadisələrə, müasir dövrün gənclərini düşündürən məsələlərə nəzər salarkən görürük. Belə bir çətin və məsuliyyətli dövrdə cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin üzərinə böyük və şərəfli vəzifələr düşür. Gənclərin hərtərəfli inkişaf etməsi, gələcəyimizin aydın və işıqlı olması deməkdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatı Gənclər birliyinin sədri Vüsal Hüseynov çıxış edərək bildirmişdir ki, gənclər bütün dövrlərdə dövlətin aparıcı qüvvəsi olmuş, cəmiyyətdə baş verən proseslərin önündə getmişdir. Hər bir dövlət, millət öz gələcəyini məhz gənclərdə görür və onların inkişafı üçün çalışır. Tədbirdə gənclər tərəfindən maraqlı musiqi nömrələri təqdim olunmuş və şeirlər səsləndirilmişdir. Həmçinin gənclərin iştirakı ilə keçirilən əyləncəli viktorinanın qalibi olmuş komandalar qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.