Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Fərəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir.
27 aprel 2023 | 10:15
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Fərəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir.
27 aprel 2023-cü il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Fərəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Başçı Zülfüqar kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır. Natiq cari ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını növbəti qələbəmiz olduğunu və erməni daşnakları tərəfindən törədiləcək təxribatların qarşısının alınmasında böyük töhvə verəcəyini bildirdi.
Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söylədi.Deputat qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.