Xocavənd rayonunda “Hazar” Strateji Araşdırmalar İnstitutunun həyata keçirdiyi “Qarabağ xalçaları” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
7 mart 2016-cı il tarixdə “Hazar” Strateji Araşdırmalar İnstitutunun həyata keçirdiyi “Qarabağ xalçaları” layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, “Hazar” Strateji Araşdırmalar İnstitutunun prezidenti Haldun Yavaş, “Hazar world” jurnalının yazı işlər müdiri Figən Ayvacı Aypek, “Hazar” bölgə koordinatoru Kəmalə Paşayeva, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirmişlər. Sonra Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və törədilən qanlı cinayətlər barədə məlumat verərək bildirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Qarabağın 20 ildən artıq işğal altında qalması ölkəmizə ölçüyəgəlməz ziyanlar vurmuşdur. Erməni vəhşiliyi ilə üzləşən mülki əhali, öz evlərindən didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı, talan olunan incəsənət nümunələri, dağıdılan şəhərlər, yox olan tarixi abidələr, daşınan təbii sərvətlər-bütün bunlar erməni təcavüzünün hələ uzun müddət bundan sonra hiss ediləcək fəsadlarıdır. Bu təcavüzün Azərbaycan mədəniyyətini, incəsənətini dünyada məşhur edən daha bir sahədən-Qarabağ xalçaçılıq məktəbindən də yan keçmədiyini bildirən natiq, Qarabağda mövcud olan çoxsaylı sənət növlərindən aparıcı yeri xalça sənətinin tutduğunu diqqətə çatdırmışdır. Başçı tarixi Qarabağ xalçalarının ermənilər tərəfindən mənimsənildiyini təəssüflə qeyd etmişdir. Hər birinin öz mənası olan milli naxışlarla toxunmuş Qarabağ xalçaları bu gün oğurluğa məruz qalır. Azərbaycana məxsus olan xalçalarla ermənilər dünyada özlərini tanıdırlar. Hətta Qarabağ xalçalarının üzərində olan naxışların erməni milli ornamenti olduğunu da deyirlər. Ancaq bu xalçaların ermənilərə heç bir aidiyyəti yoxdur. Bunlar orijinal Qarabağ xalçalarıdır. Və onların üzərindəki naxışlar Azərbaycan xalqının adət-ənənələrini əks etdirir.
Xocavənd qəsəbəsində xalça kurslarının açılmasına görə Haldun Yavaşa təşəkkürünü bildirən başçı layihənin əhəmiyyətini qeyd edərək bildirdi ki, bu layihə sayəsində Xocavənddən olan məcburi köçkün gənclərdə xalça toxumağa maraq artıb, altı aylıq kurs müddətində təlimə gələnlərin əksəriyyəti artıq Qarabağ arzularını və ümidlərini ilmələrə köçürürlər.
Haldun Yavaş HASEN-in fəaliyyəti və reallaşdırdığı layihələr, o cümlədən Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində gördüyü işlər barədə məlumat verdi. Bildirdi ki, Qarabağ xalçaları layihəsi kursların təşkili ilə yekunlaşmayacaq. Xocavənd qəsəbəsində xalça istehsal edən müəssisənin yaradılması nəzərdə tutulub. Burada toxunan Qarabağ xalçaları Azərbaycan adı ilə dünyaya çıxarılacaq. Layihə məcburi köçkün qadınların işlə təmin edilməsi və iqtisadi tərəfi ilə yanaşı, həm də təbliğat baxımından olduqca əhəmiyyətlidir. Belə ki, xocavəndli qadınların toxuduqları xalçaların Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində satışı təşkil ediləcək, beləliklə də, eyni zamanda, Qarabağ həqiqətləri də dünyaya çatdırılacaq.
Daha sonra 320 ailəlik qəsəbədə "Qarabağ xalçaları" layihəsinin təqdimatı oldu . Qonaqlar, xalçaçılıq kurslarına cəlb edilən qızların toxuduqları xalçalarla tanış oldular. Bayramsayağı bəzədilmiş meydanda, həmçinin xalqımızın milli xörəkləri və şirniyyatlar, adət-ənənələrimiz nümayiş etdirildi. Uşaqların ifa etdikləri müxtəlif kompozisiyalar və musiqi nömrələri böyük marağa səbəb oldu. Sonda qonaqlara Qarabağlı qızların toxuduqları xalçalar hədiyyə edildi.