Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağa yaz gələcək” devizi altında ordu ilə xalqın birlik bayramı keçirildi.

12 mart 2016 | 16:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Xocavənd  Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Xocavənd qəsəbəsi  Dövlət Bayrağı meydanında “Qarabağa yaz gələcək” devizi altında ordu ilə xalqın birlik  bayramı keçirildi. Tədbir  zirehli texnikanın iştirakı ilə hərbi yürüşlə başladı.Yürüş iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq onun xatirəsini böyük ehtiramla yad etdlər. Marş sədaları altında meydana daxil olan Cümhuriyyət ordusunun piyada və süvariləri qiyafəsində olan əsgərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandılar. Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan  tədbiri müəllif açaraq bayram iştirakçılarını təbrik etdi. O, işğal olunmuş torpaqların azad edilməsi üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən görülən tədbirlərdən, bu sahədə vətənin hər bir övladının rolundan danışdı.Aparıcılar tədbirin Xocavənddə  keçirilməsinin heç də təsadüfi olmadığını, bu torpağın qəhrəman əhalisinin həm ötən zamanlarda, həm də əsrimizin əvvəllərində erməni daşnaklarına qarşı mərdliklə mübarizə apardığını, bu yolda şəhidlər verdiyini, lakin heç vaxt ruhdan düşmədiklərini, bu gün də ordumuza arxa-dayaq olduqlarını xüsusi qeyd etdilər.Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Müdafiə Nazirliyi rəhbərliyinin bu tədbirin keçirilməsi ilə bağlı təşəbbüsünün rayon əhalisi tərəfindən yüksək qiymətləndirildiyini, ordu ilə xalqın birlik  bayramının Xocavəndlilərin  həyatında əlamətdar hadisə olduğunu vurğuladı. Bildirdi  ki, bu gün xalqımızın və ordumuzun şəxsi heyətinin mənəvi səfərbərliyi vacibdir və ölkə rəhbərliyinin bu istiqamətdə apardığı siyasət həm xalqın, həm də ordunun qüdrətini daha da artırır. Əgər şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı və vətənpərvərlik hissi yüksək səviyyədə deyilsə, xalq öz ordusuna inanmırsa, nə qədər müasir, güclü döyüş texnikaya və silahlara malik olsa da, həmin ordu müharibədə məğlub olacaqdır. Fəxr edirik ki, Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi bu gün əsgər və zabitlərimizin döyüş ruhu və vətənpərvərlik hissi çox yüksək səviyyədədir. Ən önəmlisi isə ölkəmizdə  dövlət, xalq və ordu birliyi sarsılmazdır.Ordu ilə xalq birliyinin əhəmiyyətini vurğulayan  Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini xocavəndlilərə çatdırdı.  Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə son illərdə təşkil etdiyi bu kimi kütləvi hərbi-vətənpərvərlik tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.Tədbirdə çıxış edən Milli Məclisin deputatları Elman Məmmədov və Xanhuseyn Kazımlı,“Azərbaycan Bayarğı” ordenli İbad Hüseynov üçrəngli bayrağımızın  Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızda  tezliklə dalğalanacağına və belə tədbirləri doğma Qarabağımızda qeyd edəcəyimizə əminliklərini ifadə etdilər.Yüzlərlə yerli sakinin, hərbi qulluqçuların, Bakı şəhəri və respublikanın bir sıra rayonlarından gəlmiş qonaqların,  Qarabağ müharibəsi əlillərinin, veteranların, şəhid ailələrin nümayəndələrinin iştirak etdiyi bu təntənə əsl vətənpərvərlik bayramına çevrilərək ordu ilə xalqın sıx birliyini bir daha nümayiş etdirdi. Bu, hamının bir bayraq altında, bir nəfər kimi Silahlı Qüvvələrin Ali Baş Komandanının əmrlərinə hər an hazır olduqlarını bəyan edən möhtəşəm tədbir kimi xocavəndlilərin  yaddaşında unudulmaz izlər buraxdı. Sıldırım qayaların qoynunda heykəlləşən mübariz Vətən əsgərlərinin hər birinin əzəmətli görkəmi, duruşu və yolumuzu gözləyən cənnət Qarabağa dikilən sərt baxışları tamaşaçıların diqqətindən yayınmadı, onlarda işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək Vətən əsgərinə inam, sevgi və məhəbbətlərini daha da artırdı.Bayram tədbirində biri-birinin ardınca vətənpərvərlik nəğmələri səslənmiş, hərbi marşlar ifa olunmuş, rəqslər təqdim edilmiş, ədəbi-müsiqili və xoreoqrafik kompozisiyalarda ordu gənclərinin mübarizliyi tərənnüm olunmuşdur. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Hərbi Orkestrinin birləşmiş özfəaliyyət kollektivlərinin çıxışları xocavəndlilər tərəfindən  böyük coşğu ilə qarşılanmışdır.

Keçidlər