Silahlı Qüvvələrimiz tərəfindən aparılan uğurlu əməliyyatlar barədə toplantı keçirilmişdir.
Son günlər cəbhə bölgəsində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsini, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsini, Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışını ölkəmizin hər yerində olduğu kimi, xocavəndlilər də da böyük sevinclə qarşılayıblar. 04 aprel 2016-cı il tarixdə rayon Mədəniyyət evində son günlər cəbhədə baş verən erməni təxribatlarına qarşı Silahlı Qüvvələrimiz tərəfindən aparılan uğurlu əməliyyatlar barədə toplantı keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd rayon Təşkilatının birgə keçirdiyi tədbir cəbhədə aparılmış uğurlu hərbi əməliyyatlar zamanı şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov son günlər Erməni silahlı birləşmələrinin cəbhədə törətdiyi təxribatlardan danışmışdır. Başçı bildirmişdir ki, aprelin 1-dən 2-nə keçən erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçmiş və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu təxribat xarakterli hücumların nəticəsində hərbi qulluqçularımız qəhrəmancasına şəhid olmuşlar. Natiq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks hərbi əməliyyatlar nəticəsində düşmən mövqelərinə sarsıdıcı zərbələr endirildiyini və Erməni silahlı qüvvələrinin bu döyüşlərdə böyük itkilərə məruz qalaraq geri çəkildiyini vurğulamışdır. Natiq bildirmişdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə uğurlu hərbi əməliyyatlar nəticəsində 100-ə yaxın düşmən məhv edilmiş və yüzlərlə düşmən yaralanmışdır. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarılmışdır. Cənab Prezidentin qeyd etdiyi kimi "Biz sadəcə bu təxribata cavab vermişik, düz də etmişik. Bizə qarşı yenə təxribat törədərlərsə, yenə də öz cəzalarını alacaqlar. İkincisi, biz öz torpağımızda vuruşuruq, Ermənistan torpağını işğal etməmişik. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”. Bu gün xalqımızda əhval-ruhiyyə çox yüksəkdir, hər kəs ordumuzun qələbəsini çox böyük sevinclə qarşılayır. Tədbirdə həmçinin çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və rayon ziyalıları Azərbaycan ordusunu qazanılmış bu möhtəşəm qələbə münasibəti ilə ürəkdən təbrik etmiş, onlara çətin, eyni zamanda, şərəfli işlərində yorulmazlıq, dözümlülük və yeni-yeni qələbə müjdələri arzulamışlar. Çıxış edənlər hər an Ali Baş Komandanın əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını qeyd edərək, bütün dünya azərbaycanlılarını Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, dünya ictimaiyyətini isə Azərbaycan xalqına qarşı törədilən ədalətsizliklərə göz yummamağa çağırıblar.