Silahlı Qüvvələrdə “Açıq qapı” gününün keçirilməsi artıq ənənəyə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrdə “Açıq qapı” gününün keçirilməsi artıq ənənəyə çevrilmişdir. Novruz bayramı münasibətilə 20 mart 2016-cı il tarixdə cəbhənin təmas xəttində yerləşən N saylı hərbi hissədə keçirilən “Açıq qapı” günündə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, ölkəmizin müxtəlif guşələrindən gələn əsgər valideynləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir çərçivəsində Eyvaz Hüseynov əsgərlər və müharibə veteranları ilə görüşərək bildirmişdi ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb. Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Başçı şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradıldığını diqqətə çatdırmışdır. Natiq qüdrətli Azərbaycan ordusu sayəsində tezliklə itirilmiş Qarabağ torpaqlarının işğaldan azad ediləcəyini və soydaşlarımızın öz doğma ata-baba yurdlarına qayıdacaqlarını əminliklə qeyd etmişdir.