Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda “Hazar” Strateji Araşdırmalar İnstitutunun həyata keçirdiyi “Qarabağ xalçaları” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

18 aprel 2016 | 16:00

15 aprel   2016-cı il   tarixdə “Hazar” Strateji Araşdırmalar İnstitutunun prezidenti Haldun Yavaş, “Hazar” Strateji Araşdırmalar İnstitutunun əməkdaşları: Osman Kurt, Rüfət Ağayev, Gökhan Şakir, Nur Öztürk və  Türkiyənin  NTV televiziyasının əməkdaşları Ahmet Şefik və  Ahmet Uçar, Socar İctimaiyyətlə Əlaqələr  üzrə İşlər İdarəsinin rəis müavini İbrahim Əhmədov  Xocavənd rayonuna  səfər etmişlər. Qonaqlar öncə Rayon icra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşdülər.
Səmimi keçən görüş zamanı  Eyvaz Hüseynov öncə son günlər cəbhədə baş verən hadisələrdən, erməni silahlı birləşmələrinin cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrini atəşə tutmasından, düşmənə verilən layiqli cavabdan danışdı. Bildirdi ki, Azərbaycan ordusunun qısa müddətdə həyata keçirdiyi əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olunub. Döyüşlərdə ermənilərə məxsus xeyli hərbi texnika və canlı qüvvə məhv edilib. Eyvaz Hüseynov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün Azərbaycan mədəniyyətini, incəsənətini dünyada məşhur edən Qarabağ xalçaçılıq məktəbindən  yan keçmədiyini bildirmiş,  Qarabağda mövcud olan çoxsaylı sənət növlərindən aparıcı yeri xalça sənətinin tutduğunu diqqətə çatdırmışdır. Başçı  tarixi Qarabağ xalçalarının ermənilər tərəfindən mənimsənildiyini təəssüflə qeyd etmişdir. Hər birinin öz mənası olan milli naxışlarla  toxunmuş Qarabağ xalçaları bu gün oğurluğa məruz qalır. Azərbaycana məxsus olan xalçalarla ermənilər dünyada özlərini tanıdırlar. Hətta Qarabağ xalçalarının üzərində olan naxışların erməni milli ornamenti olduğunu da deyirlər. Ancaq bu xalçaların ermənilərə heç bir aidiyyəti yoxdur. Bunlar orijinal Qarabağ xalçalarıdır, onların üzərindəki naxışlar Azərbaycan xalqının adət-ənənələrini əks etdirir.  “Qarabağ xalçaları” layihəsinə görə  bir daha  Haldun Yavaşa təşəkkürünü bildirən başçı layihənin əhəmiyyətini qeyd edərək bildirdi ki, bu layihə  sayəsində Xocavənddən olan məcburi köçkün gənclərdə xalça toxumağa maraq artıb, təlimdə iştirak edənlərin əksəriyyəti artıq Qarabağ arzularını və ümidlərini ilmələrə köçürürlər.Haldun Yavaş HASEN-in fəaliyyəti və reallaşdırdığı layihələr, o cümlədən Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində gördüyü işlər barədə məlumat verdi. Bildirdi ki, Qarabağ xalçaları layihəsi kursların təşkili ilə yekunlaşmayacaq. Xocavənd qəsəbəsində xalça istehsal edən müəssisənin yaradılması nəzərdə tutulub. Burada toxunan Qarabağ xalçaları Azərbaycan adı ilə dünyaya çıxarılacaq. Layihə məcburi köçkün qadınların işlə təmin edilməsi və iqtisadi tərəfi ilə yanaşı, həm də təbliğat baxımından olduqca əhəmiyyətlidir. Belə ki, xocavəndli qadınların toxuduqları xalçaların satışı təşkil ediləcək, beləliklə, Qarabağ həqiqətləri də dünyaya çatdırılacaq. Socar İctimaiyyətlə Əlaqələrlə  üzrə İşlər İdarəsinin rəis müavini İbrahim Əhmədov “Qarabağ xalçaları” layihəsinin əhəmiyyətini vurğulayaraq  layihənin daha da  genişlənməsi, təbliği və xalça sexinin açılması   üçün Socar rəhbərliyinin  hər cür dəstək verməyə hazır olduğunu bildirmişdi.Daha sonra   qonaqlar 320 ailəlik qəsəbədə xalçaçılıq kurslarına cəlb edilən qızların toxuduqları xalçalarla tanış oldular. Sonda qonaqlara Qarabağlı qızların toxuduqları xalçalar hədiyyə edildi.

Keçidlər