"Məktəbə qədər təhsil müəssisələrində kuriklumun tətbiqi" mövzusunda təlimlər keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinə baxış keçirilmiş, məişət şəraiti yoxlanılmış, müəllimlərə "Məktəbə qədər təhsil müəssisələrində kuriklumun tətbiqi" mövzusunda təlim təşkil edilmişdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə keçirilən təlim zamanı İcra Hakimiyyətinin əməkdaşı Nicat Şirinov vurğulamışdır ki, 3-6 yaş dövrü uşaqların inkişafında çox mühüm dövrdür. Məhz bu dövrdə uşaqların beyin hüceyrələrinin artması və onlar arasında əlaqələrin qurulması prosesi baş verir. Bunun da nəticəsində uşağın düşünmə, qavrama və ətraf mühitdə insanlar və əşyalarla qarşılıqlı təsir istiqamətində daha mürəkkəb mərhələyə keçməsi üçün zəruri dəyişikliklər baş verir. Beyinin düzgün inkişafı şəraitində potensial dərketmə qabiliyyətləri artır. Əslində beyin o vaxt düzgün inkişaf edir ki, uşaq müsbət psixoloji və stimullaşdırıcı mühitdə böyüyür.
Məktəbəqədər müəssisə də öz növbəsində uşağın ətraf aləmlə qarşılıqlı harmoniyasını təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa və müsbət özünütəsdiqə nail olmağa qadirdir. Bunların da əsası məktəbəqədər müəssisələrdə qoyulur. Məhz bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər, təfəkkür elementləri formalaşır, ətraf aləmin hadisələri, sadə qanunları və qanunauyğunluqları arasında qarşılıqlı əlaqələri müəyyənləşdirmək və əldə edilmiş bilikləri praktik fəaliyyətdə müstəqil tətbiq etmək bacarığı yaranır. Uşaqlar fakt və hadisələri müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxartmaq kimi bacarıqlara yiyələnirlər.
Təlimdə iştirak edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Məmləkət İbrahimova çıxışnda bildirdi ki, Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması, təlim-tərbiyə işinin daha səmərəli qurulması tələb olunur. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir. Bunlarla yanaşı, uşaqların ümumi inkişafı, onların şəxsiyyətinin formalaşdırılması, təlimtərbiyənin səmərəliliyinin artırılması, inkişaf və davranışda baş verə biləcək ləngimələrin, pozuntuların aradan qaldırılması, “uşaq-uşaq”, “tərbiyəçi-uşaq”, “valideyn-tərbiyəçi” münasibətlərinin, eləcə də kollektivdə qarşılıqlı münasibətlərin düzgün qurulması mühüm istiqamətlər kimi diqqət mərkəzində saxlanılır. Məktəbəqədər təhsilin məqsədi uşağın fiziki, psixi, emosional, sosial və idraki inkişafı üçün şərait yaratmaq, uşaqların sadə əmək vərdişlərinə yiyələnməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkürün ilkin elementlərini formalaşdırmaq və istedadlı uşaqların erkən yaşdan üzə çıxarılmasını təmin etməkdən ibarətdir.