Ağcabədi rayonunda məskunlaşmış rayon sakinlərinin müraciətləri dinlənilib.
16 fevral 2023 | 09:50
Ağcabədi rayonunda məskunlaşmış rayon sakinlərinin müraciətləri dinlənilib.
16 fevral 2023-cü il tarixdə Ağcabədi rayonunda məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov görüşü giriş sözü ilə açaraq çıxışının əvvəlində Ağcabədi rayonunda məskunlaşan rayon sakinlərini və yığıncaq iştirakçılarını salamladı və bildirdi ki, bildiyimiz kimi bir neçə gün bundan öncə qardaş Türkiyə Respublikasının bir neçə vilayətində güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində çox sayda insan həlak olmuş, on minlərlə insan yaralanmışdır. Həlak olanlara Allah rəhmət eləsin, yaralanlara isə şəfa versin. Natiq vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Cənab Prezident səfirlikdə olarkən qeyd etdi ki, “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə. Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi.
Başçı qeyd etdi ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək göstərir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Xalqımız bütün dünyaya bir daha nümayiş etdirir ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. İctimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Eyni zamanda özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. E.Hüseynov sonda diqqətə çatdırdı ki, əminik ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır.
Başçı bildirdi ki, bildiyiniz kimi Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar 2023-cü il tarixdə “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır. Bu ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanıldığını göstərir. Bu sərəncam əhalinin mühüm bir qisminin sosial müdafiəsini daha da gücləndirməyə imkan verəcək. O bildirdi ki, minimum aylıq pensiyanın məbləği 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. Eyni zamanda, minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılır ki, bu da 700 min vətəndaşın sosial durumuna müsbət təsir göstərəcək. 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub. Bu da 2023-cü ilin dövlət büdcəsinin də sosialyönümlü olduğunu göstərir. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında bildirib ki, dövlət büdcəsinə daxil olan əlavə vəsaitlərin sosial müdafiə tədbirlərinə yönəldilməsi əhalinin rifahını yüksəltmək məqsədinə xidmət edir.
Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədi ilə keçirilən görüşdə çıxış edən sakinlər ölkə başçısının həyata keçirdiyi islahatlar kursunu dəstəklədiklərini və müdafiə etdiklərini bildirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov vətəndaşlar tərəfindən qaldırılan müraciətlərə qanunamüvafiq qaydada baxılması və araşdırılaraq müvafiq tədbir görülməsi üçün tapşırığını verdi.