Şriftin ölçüsü :

Saytın rəngi :

"Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilmişdir.

14 avqust 2023 | 14:38
"Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilmişdir.
14 avqust 2023-cü il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov, DQİDK-nın əməkdaşları Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, Cəfərsadiq Cəfərli, RİH-nin əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş vətən övladlarının əiz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan başçının müavini Əfsanə Quliyeva bildirdi ki, Azərbaycan xalqının bir millət kimi formalaşması və milli dövlət qurmasının əsas amillərindən biri zəngin mənəvi dəyərlər sisteminə malik olmasıdır, başqa sözlə, zəngin mənəvi dəyərlər sisteminə malik xalq olmağımızdır. Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərmiş, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynamışdır. Çünki sözügedən dəyərlərin yaradıcısı xalqdır. Tarixi təcrübə göstəriri ki, öz tarixinə, soykökünə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər tarixi prosesdə "əriyib" yox olmuş və tarix səhnəsindən birdəfəlik itmişlər. Ona görə ki, hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bir toplumun mövcudluğunun qorunub saxlanmasi üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlaması lazımdır. Əfsanə Quliyeva çıxışında Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirdiyini bildirdi. Qeyd etdi ki, Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab etmişdir. Natiq qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqının bu dəyərləri sədaqətlə qorumağından, qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin mühafizə olunmasının əhəmiyyətindən bəhs etmişdir.
Milli-mənəvi dəyərlərin ictimai şüurun formalaşmasında və həmrəyliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Nicat Şirinov 44 gün davam edən ikinci Qarabağ müharibəsində qazanılan böyük zəfərdə bu ali dəyərlərin də xüsusi rol oynadığını bildirib. Natiq diqqətə çatdırıb ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti, rəşadətli Ordumuzun gücü, xalqımızın milli ruh yüksəkliyi və milli-mənəvi həmrəyliyimizin vəhdəti nəticəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalı altında qalmış Qarabağ öz doğma sahiblərinə – xalqımıza qaytarıldı. Sonra tədbirdə çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli bildirib ki, milli-mənəvi dəyərlər xalqı ayaqda tutan, onu formalaşdıran ayrı-ayrı etnosların və millətlərin həmrəylik içərisində yaşamasını və onların tarix səhnəsində vahid kimliklə təmsil olunmasını təmin edir. Bu dəyərlərimizin ən zəngin elementlərindən birinin də multikultural və tolerant ənənəmiz olduğunu qeyd edən C.Cəfərli vurğulayıb ki, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millətlərin, dinlərin nümayəndələrinin ərazi bütövlüyümüzün bərpası uğrunda istər ön cəbhədə olsun, istərsə də arxa cəbhədə əlindən gələni əsirgəməməsini dövlətin apardığı bu uğurlu siyasətin nəticəsi kimi dəyərləndirib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxış edərək bildirib ki, tarixin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasında, öz milli dövlətini qurmasında ən önəmli faktorlardandır. Ulu Öndər Heydər Əliyevin “Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən, nəsillərə keçib, yaşayıb, gəlib bu günlərə çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük sərvətidir” fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıran E.İbrahimov tolerantlığa əsaslanan multikultural dövlət siyasətinin təməlinin də elə məhz Ümummilli Liderimiz tərəfindən atıldığını vurğulayıb. Tədbir qarşılıqlı fikir mübadiləsi ilə sona çatıb.
Keçidlər