Koreya Respublikasının Səfiri Kim Çanq-gyu və SEBA Assosiasiyasının nümayəndələri şəhid ailəsi ilə görüşmüşdür.
21 may 2016-cı il tarixdə Koreya Respublikasının Səfiri Kim Çanq-gyu və SEBA Assosiasiyasının nümayəndələri Xocavənd rayonu Qaradağlı kəndindən məcburi köçkün, həm oğlu, həm də nəvəsi şəhid olmuş Əlqəmə Quliyevin ailəsinə baş çəkib, onlarla səmimi söhbət ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Səfirə bildirib ki, Əlqəmə Quliyevin nəvəsi Quliyev Sənan Qeyrət oğlu Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. Ermənistan silahlı birləşmələri ilə mübarizədə bu kəndin hər 10 nəfərindən biri şəhid olmuşdur. 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin işğalı zamanı kənd sakinlərindən 118 nəfəri əsir götürülüb, 33 nəfəri güllələnib. Ermənilər cəsədləri və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Qaradağlı kəndində 77 nəfər - kəndin hər 10 sakinindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qocalar, 12-si qadın, 8-i məktəb yaşlı uşaq olub. Sənanın nəslindən olan hər kəs bu müharibənin iştirakçısı olmuş, faciə və acılar yaşamışlar. Onun əmisi,eyni zamanda çox kiçik yaşlarından ata qayğısından məhrum olmuş həyat yoldaşının atası Quliyev Gündüz Əlqəmə oğlu 8 sentyabr 1991- ci il tarixdə şəhid olmuşdur. 17 fevral 1992- ci il tarixdə Qaradağlı kəndi ermənistan ordusu tərəfindən işğal olunan zaman onun babası Quliyev Əlqəmə ilə yanaşı 100 nəfərdən çox həmkəndlisi və digər yaxın qohumları ilə birlikdə ermənilər tərəfindən əsir götürülmüş, onların yarıdan çoxu düşmənlərimiz tərəfindən qəddarcasına qətlə yetirilmişdir. Şərəfli bir nəslin davamçısı olan Sənan həm Vətən, həm Torpaq, həm də El qarşısında öz borcunu ləyaqətlə yerinə yetirərək torpaqlarımızın və Vətənimizin toxunulmazlığı uğrunda öz canından keçərək 2014-cü il avqust ayının 1-dən 2- nə keçən gecə Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını alan zaman Şəhidlik zirvəsinə yüksəlmişdir. Bir vaxtlar Koreyanın da işğalla üzləşdiyini deyən Səfir xocavəndli məcburi köçkünləri yaxşı başa düşdüyünü bildirib.Ailəyə səfirliyin və SEBA Assosiasiyasının hədiyyələri təqdim olunub.