Dövlət Qulluqçularının peşə bayramı qeyd edilmişdir.
23 iyun 2016-cı il tarixdə Xocavənd rayonunda “Dövlət Qulluqçularının peşə bayramı”na həsr olunmuş tədbir keçirilmişdir. Dövlət qulluqçuları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirmişlər. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, RİH başçısı Aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, mərkəzi icra hakimiyyəti orqanlarının rayon ərazisində fəaliyyət göstərən yerli qurumlarında çalışan dövlət qulluqçuları iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim diqqətindədir. Tədbir zamanı bildirildi ki, Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə Ərazi -İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdiri Cəfərov Vaqif Cəfər oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.