320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
06 noyabr 2023 | 15:22
320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
06 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 320 ailəlik Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə yazdığı tarix Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Bu əlamətdar gün dövlətçilik ənənələri qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir. Üç il öncə noyabrın 8-də mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin erməni işğalından azad olunması tariximizə Zəfər Günü kimi yazıldı. Torpaqlarımız düşmən tapdağından azad olunmaqla ərazi bütövlüyümüz bərpa edildi. Qisas qiyamətə qalmadı. Azərbaycan 30 il dünyadan Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalət gözləməklə bərabər, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, hüquqi bazanın yaradılmasına nail oldu. Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Bu Qələbə təkcə son 30 ildə deyil, iki əsr ərzində gözlədiyimiz ümidlərimizin gerçəkləşməsi, milli varlığımızın, hər birimizin, gələcək nəsillərin özünütəsdiqi deməkdir. Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.