Xocavənd rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib.
7 sentyabr 2016-cı il tarixdə Rayon Mədəniyyət evində Xocavənd rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib .Tədbirdə Rayon İcra Hakimiyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Akif Əliyev, müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Ümüdvar Məmmədov öncə qonaqları, rayon ziyalılarını salamladı və geniş məruzə ilə çıxış edərək ölkəmizdə təhsil sahəsində görülən işlərdən, Xocavənd rayon Təhsil şöbəsi tərəfindən 2015-2016-cı tədris ilində əldə olunmuş nailiyyətlərdən, eyni zamanda ötən tədris ilində yol verilmiş nöqsanlardan söhbət açdı. Konfransda çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Akif Əliyev tədbir iştirakçılarını salamladı və Təhsil Nazirliyinin gələcək fəaliyyəti barədə tədbir iştirakçılarına maraqlı məlumatlar çatdırdı.Konfransda çıxış edən Rayon İcra Hakimiyətinin başçısı Eyvaz Hüseynov qonaqları və müəllimləri salamlayaraq onlara xoş ürək sözlərini çatdırdı. Rayon məktəbləri məzunlarının 2015-2016-cı tədris ilində qazandıqları nailiyyətləri yüksək qiymətləndirən başçı tələbə adını qazanmış şagirdləri təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra Eyvaz Hüseynov rayon orta ümumtəhsil məktəblərində mövcud nöqsanlardan söz açaraq qeyd edilən çatışmazlıqların qısa zaman ərzində aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırılarını verdi.Sonda 2015-2016-cı tədris ili ərzində gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərinə görə fərqlənən bir qrup müəllim Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərmanı” ilə təltif edildi, eyni zamanda yüksək bal toplamış məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olundu.