YAP 20-illlik
7 noyabr 2012-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibəti ilə Xocavənd qəsəbəsi, rayon Mədəniyyət evində, Xocavənd Rayon İcra hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Xocavənd qəsəbəsində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə gül dəstələri qoymuşlar. Rayon mədəniyyət evində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninini səslənməsi ilə öz işinə başlamışdır. Tədbirdə Yap Siyasi Şurasının üzvü Yusif Hümbətov və YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak etmişdir. Yubiley mərasimində YAP Xocavənd rayon təşkilatının sədri Məhəmmədəli Bayramov məruzə ilə çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü təkcə partiyada deyil, bütün xalq tərəfindən, vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə biganə qalmayan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilir: İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas qüvvəyə çevrilən siyasi qurum olmuşdur. Tarixi zərurətdən yaranan partiya ötən 20 ildə xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir. Məhəmmədəli Bayramov Yeni Azərbaycan Partiyasının Naxçıvanda yaradıldıqdan sonra onun yerli təşkilatlarının formalaşmağa başladığını vurğulayıb: "YAP Xocavənd rayon təşkilatı 21 fevral 1993-cü ildə təsis olunmuşdur. Təsis konfransını keçirən zaman rayon təşkilatının 10 ərazi təşkilatı, sıralarında 50 üzvü var idi. Hazırda isə 10 ərazi ilk təşkilatında ümiumilikdə 700 nəfər insan birləşib. Üzvlərdən 329 nəfərini qadınlar, 317 nəfərini isə gənclər təşkil edir. "YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Bu yolun hər bir uğurunda, qələbəsində bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var". Bayram mərasimində YAP Siyasi şurasının üzvü Yusif Hümbətov çıxış edərək, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını və böyük inkişaf yolu keçdiyini, cəmiyyətin ən aparıcı qüvvəsinə çevirildiyini söyləyib. YAP Xocavənd rayon təşkilatının idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycanın hər bölgəsi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Yubiley şənliyi Rayon mədəniyyət şöbəsinin işçilərinin və məktəb şagirdlərinin hazırladıqları rəngarəng bayram konserti ilə başa çatmışdır.