18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət evində tədbir keçirilmişdir.
18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət evində tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, 1990-cı illərin əvvəllərindəki ictimai-siyasi vəziyyətdən, dövlət müstəqilliyinin bərpa edilməsindən danışmışdır. Natiq bildirdi ki, Azərbaycan Respublikası Ali Soveti avqustun 30-da Müstəqillik Bəyannaməsini, oktyabrın 18-də isə Müstəqillik haqqında Konstitusiya Aktını qəbul edib. Lakin dövlət müstəqilliyinin ilk illəri xalqımız və dövlətimiz üçün keşməkeşli olub. 1991-1993-cü illərdə ölkədə daxili böhran, vətəndaş itaətsizliyi, xaos hökm sürür, seperatizm meyilləri yaranır, digər tərəfdən Qarabağda Ermənistan silahlı birləşmələri tərəfindən yaşayış məntəqələrimiz bir-birinin ardında işğal edilirdi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınıb, siyasi sabitlik təmin olunub, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyub, nizami ordu quruculuğunda, eləcə də Respublika həyatının bütün sahələrində dinamik tərəqqi təmin edilib. Başçı diqqətə çatdırdı ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafına, qüdrətlənməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə Salakətin kənd tam orta məktəbinin şagirdləri və Kurapatkin kənd uşaq bağçasının uşaqlarının ifasında kompozisiya, eyni zamanda rayon musiqi məktəbinin kollektivi tərəfindən konsert proqramı nümayiş etdirilmişdir.