Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrdə “Açıq qapı” gününün keçirilməsi artıq ənənəyə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrdə “Açıq qapı” gününün keçirilməsi artıq ənənəyə çevrilmişdir. 30 dekabr 2016-cı il tarixdə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni təqvim ilinin başlanması münasibətilə N saylı hərbi hissədə keçirilən “Açıq qapı” günündə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov əsgər və zabit heyətini, ölkəmizin müxtəlif guşələrindən gələn əsgər valideynlərini, müharibə veteranlarını, ictimaiyyət nümayəndələrini bayram münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Eyvaz Hüseynov Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin inkişaf edərək monolit qüvvəyə çevrildiyini, əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin uğurla davam etdirildiyini, eyni zamanda şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırmışdır. Natiq qüdrətli Azərbaycan ordusu sayəsində itirilmiş Qarabağ torpaqlarının tezliklə işğaldan azad ediləcəyini və soydaşlarımızın öz doğma ata-baba yurdlarına qayıdacaqlarını əminliklə qeyd etmişdir.