“2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilmişdir.
02 fevral 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin Akt zalında “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilmişdir. “Azərbaycan Gəncləri Günü”nün qeyd olunması məqsədi ilə keçirilən mərasimə rayonun ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, idmanın müxtəlif növlərində, müsabiqə və intellektual oyunlarda uğur qazanan gənclər, həmçinin Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, gənc müəllimlər də qatılmışdır. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva ilk olaraq gəncləri təbrik etdi, dövlətin gənclərlə iş və idman sahəsində yürütdüyü siyasətdən danışdı. Qeyd etdi ki, son illər Azərbaycanın iqtisadi cəhətdən daha da güclənməsi, beynəlxalq nüfuzunun artması, regionda lider dövlətə çevrilməsi möhtərəm Prezidentimizin məqsədyönlü siyasətinin bəhrəsidir. Əfsanə Quliyeva gənclərə dəyərli tövsiyyələr verərək bildirdi ki, Azərbaycan gəncliyi daim sağlam, gümrah, dərin biliyə malik olmalı və öz üzərində çalışmalıdır. Xocavənd rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev görülən işlərdən danışaraq qeyd etdi ki, idarə tərəfindən həyata keçirilən tədbirlər gənclərin maraqlarına, mənafe və ehtiyaclarına uyğunlaşdırılmışdır. İdman və bədən tərbiyəsinə daha geniş kütlələrin cəlb edilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, ictimai-siyasi fəallığının artmasına kömək göstərilməsi, fiziki tərbiyəsi üçün müvafiq imkanlar yaradılması, onlarda vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət hisslərinin yüksəldilməsi və bu kimi digər məsələlər hər zaman idarənin diqqət mərkəzində olmuşdur. Aslan Quliyev daha sonra bidirdi ki, bugünkü gənclərin həyatı çox surətli və dinamik cərəyan edən tarixi bir zamana təsadüf edir. Biz bunu dünyada, həmçinin Azərbaycanda gedən sosial-iqtisadi proseslərə, gənclər hərakatının inkişafına, regionda və dünyada baş verən hadisələrə, müasir dövrün gənclərini düşündürən məsələlərə nəzər salarkən görürük. Belə bir çətin və məsuliyyətli dövrdə cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin üzərinə böyük və şərəfli vəzifələr düşür. Gənclərin hərtərəfli inkişaf etməsi, gələcəyimizin aydın və işıqlı olması deməkdir. Tədbirdə çıxış edən gənclər bildirdilər ki, gənclər bütün dövrlərdə dövlətin aparıcı qüvvəsi olmuş, cəmiyyətdə baş verən proseslərin önündə getmişdir. Hər bir dövlət, millət öz gələcəyini məhz gənclərdə görür və onların inkişafı üçün çalışır. Sonda yüksək nailiyyət qazanmış bir qrup gənc fəxri fərmanla təltif olunmuş, qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.