Aztəminatlı ailələrə bizneslərini qurmaları üçün mal və materiallar paylanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması məqsədilə mal və materialların paylanışına start verilib. Xocavənd rayonu üzrə 3-ü qadın olmaqla 10 nəfər sakinin hər birinə inək (1+1), boğaz və düyə mal paylanılıb.“Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb və ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlanılıb. İlk mərhələdə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən, 2016-cı ilin aprelin 1-dək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər seçilərək biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Kurslarda təlimçilər tərəfindən iştirakçılara biznes fəaliyyətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib. Rayon üzrə 3-ü qadın olmaqla 10 nəfər iştirakçının biznes-planlarının reallaşdırılması üçün tələb olunan aktivlər alınaraq iştirakçılara təqdim olunub.