Novruz bayramı münasibətilə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir
Novruz bayramı münasibətilə 21 mart 2017-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N saylı hərbi hissədə Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov ön xətdə xidmət çəkən əsgər və zabit heyətini salamlayaraq onları Novruz bayramı münasibəti ilə təbrik etmişdir. Eyvaz Hüseynov çıxışında Ulu öndər Heydər Əliyevin bütün tövsiyələri kimi ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələrin Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirildiyini və hazırda beynəlxalq standartlara cavab verən, Silahlı Qüvvələrimizin respublikamızın təhlükəsizliyini, əhalinin əmin-amanlığını təmin etmək eyni zamanda Ermənistan silahlı qüvvələrinin nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan ordusu olduğunu vurğulamışdır. Natiq regionda günü-gündən qüdrətlənən Azərbaycan ordusunun tezliklə Qarabağ torpaqlarını işğaldan azad edəcəyinə və həmvətənlərimizin doğma ata-baba yurdlarına qayıdacaqlarına inandığını bildirmişdir.
Tədbirdə N saylı hərbi hissənin əsgər və zabit heyətinə qiymətli hədiyyələr və bayram sovqatı paylanmışdır. Görüş zamanı N saylı hərbi hissənin əsgərləri ilə bayram süfrəsi ətrafında əyləşən ictimaiyət nümayəndələri onlarla nahar etmiş, ön xətdə xidmət çəkən əsgərlərə əsl bayram əhal-ruhiyəsi bəxş etmişlər.