“Dövlətçilik tariximizin qürur dövrü” adlı tədbir keçirilmişdir.
26 may 2017-ci il tarixdə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində 28 May Respublika Günü münasibətilə “Dövlətçilik tariximizin qürur dövrü” adlı tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva da iştirak etmişdir. Tədbirdə Xalq Cumhuriyyəti barədə geniş məlumat verilərək bildirilmişdir ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Respublika səviyyəli tədbirlərdə fəal iştiraklarına görə Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin şagirdləri: Şirinova Xədicə Elburus qızına və Fərəcov Əmrah Zülfüqar oğluna pul mükafatları təqdim edilmişdir.