Xocavənd Rayon İcra Hakimiyyətində "İnformasiya saatı" keçirilmişdir
16 iyun 2017-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində "İnformasiya saatı" keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, kənd inzibati ərazi dairəsi nümayəndəliklərin əməkdaşları, idarə və təşkilatlarda işləyən gəncər iştirak etmişdir. “İnformasiya saatı”nda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirmişdir ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilmişdir. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Təbliğat işinin əsas mənası onun təsirli olmasındadır. Ölkəmizin inkişafının təmin edilməsi, əhalinin məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər ideoloji işin əsas bazasını təşkil edir. Cəmiyyətimizin sosial-iqtisadi və mədəni inkişafının yüksək səviyyəsi təbliğat işinə yeni yanaşmanı, onun səmərəliliyinin artırılmasını, üslub və metodlarının təkmilləşdirilməsini şərtləndirir. Dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. 2016-cı ildə əvvəlki il ilə müqayisədə qeyri-neft sektoru 5 faiz, kənd təsərrüfatı 2,6 faiz, maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Ötən il 485 məktəb əsaslı təmir edilmiş, 29 yeni məktəb binası inşa olunmuş, 41 xəstəxana tikilmiş və ya əsaslı təmir edilmiş, 100 mindən çox daimi iş yeri açılmışdır. Qeyd edilənlər cənab İlham Əliyevin xalqın dəstəyinə söykənən, regionların davamlı sosial-iqtisadi inkişafını və bununla da vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasını təmin edən siyasətinin müdrikliyinə və uzaqgörənliyinə, hədəflərimizin əzəmətinə və reallığına inandırıcı sübutdur.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev, YAP Xocavənd Rayon Təşkilatı Gənclər Birliyinin sədri Vüsal Hüseynov çıxış edərək bildirmişlər ki, gənclərin şəbəkələşmə prosesini gücləndirmək, azərbaycançılıq dəyərləri ətrafında birləşərək respublikamızda gedən inkişafın təbliğinin daha səmərəli təşkilində, informasiya mübadiləsində, təbliğat işinin interaktiv qurulmasında gənclərimizə kömək etməliyik . Elmi tərəqqinin sürətlə inkişaf etdiyi hazırkı dövrdə Azərbaycan gəncləri onlara verilən imkanlardan səmərəli istifadə etməlidirlər. Gənclərin qarşısında yeni pəncərələr açılır və bunu lazımınca qiymətləndirmək lazımdır. Bu gün Azərbaycan üçün əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin olduğunu diqqətə çatdıran natiqlər azərbaycanlı gəncləri bu sahədə daha da fəal olmağa , Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasəti təbliğ etməyə səsləmişdir. Bildirilmişdir ki, informasiya müharibəsi Azərbaycanın inkişafının təmini, qədim və zəngin mədəniyyətimizin təbliği, keçmişimiz və bu günümüz haqqında danışmağımızdır. Vəzifəsindən, sosial mövqeyindən və yaşadığı yerdən asılı olmayaraq bütün gənclər ölkəmizdə gedən inkişafı, həyata keçirilən infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafını dərindən öyrənməli və təbliğ etməlidir.