Şriftin ölçüsü :

Saytın rəngi :

04 iyul 2017-ci il tarixdə ATƏT-in təmas xəttinin Xocavənd rayonundan keçən hissəsində növbəti monitorinq keçirilmişdir

04 iyul 2017 | 16:00

04 iyul  2017-ci il tarixdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Saymon Tiller və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşlarının iştirakı ilə təmas xəttinin Xocavənd rayonundan keçən hissəsində növbəti monitorinq keçirilmişdir. Monitorinqin keçiriləcəyi əraziyə getməzdən əvvəl nümayəndə heyətinin  Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşü olmuşdur.
  Görüş zamanı başçı münaqişənin tarixi köklərinə diqqət çəkərək, Azərbaycan  torpaqlarının 20 faizinin Ermənistan silahlı birləşmələri eləcə də onların havadarlarının köməkliyi ilə işğal edildiyini və bir milyondan artıq soyadaşlarımızın doğma ata-baba torpaqlarından qaçqın və məcburi köçkün düşdüklərini təəssüf hissi ilə qeyd etmişdir. Natiq  bu gün də iğal faktının davam etdiyini və erməni silahlı birləşmələri tərəfindən hər gün atəşkəs rejiminin dəfələrlə pozulduğunu, eyni zamanda münaqişə dövründə ermənilərin açdıqları atəş nəticəsində cəbhəyanı ərazilərdə yaşayan yüzlərlə azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. Daha sonra bölgədəki vəziyyətlə bağlı monitorinq iştirakçılarına ətraflı məlumat verən İcra Hakimiyyətinin başçısı rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda  daha intensiv xarakter daşıdığını bildirmişdir.  Hərbiçilərlə yanaşı təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfat işləri ilə məşğul olan mülkü şəxslər, onlara məxsus avtomobillər, mal-qara və atların ermənistan ordusu tərəfindən hədəf seçildiyi bildirilmişdir.
Bütün bunlara baxmayaraq bu bir reallıqdır ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa olsun öz ərazi bütövlüyünü təmin edəcəkdir.
Görüşün sonunda  Rayon İcra Hakimiyyəti başçısına səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür edən monitorinq qrupunun üzvüləri bir başa qoşunların Xocavənd rayonu ərazisindən keçən təmas xəttinə yola düşdülər.

Keçidlər