Şriftin ölçüsü :

Saytın rəngi :

4 noyabr 2025-ci il tarixdə Binəqədi rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

04 noyabr 2025 | 09:42
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bakı şəhəri Binəqədi rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tərəfindən 4 noyabr 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir. Görüşdə icra başçısı ilə yanaşı idarə və təşkilat rəhbərləri, sakinlər iştirak ediblər. Giriş nitqi ilə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə düşmənə qarşı keçirilmiş döyüş əməliyyatları Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Silahlı Qüvvələrimizin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Eyvaz Hüseynov tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında Qarabağda yenidənqurma işlərinə strat verildiyini və keçən müddət ərzində işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı tikinti quruculuq işlərinin sistemli şəkildə davam etdiyini qeyd etdi. Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurması ölkənin iqtisadi qüdrətinin göstəricisi, Prezident İlham Əliyevin sülh danışıqlarında sərgilədiyi mövqeyi isə qətiyyətin təntənəsi adlandırmaq olar. Başçı həmçinin Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. Natiq qeyd edib ki, regionların sosial iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır.
Artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayır. Hal-hazırda Xocavənd rayonu ərazisində də abadlıq, quruculuq və tikinti işlərinin aparıldığını qeyd edən Eyvaz Hüseynov, yaxın günlərdə rayon ərazisinə yeni köçlərin baş tutacağını bildirib.
Daha sonra rayon sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər