Xocavənd rayonun işğalına həsr olunmuş anım mərasimi keçirilib
02 oktyabr 2017-ci il tarixdə rayon Mədəniyyət evində Xocavənd rayonunun işğalının 25-ci il dönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, işğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb. Xocavəndlilər 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, qeyri–bərabər döyüşlərdə rayonun uşaqlı–qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid olub, 300-dən çox insan əlilə çevrilib, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49-u əsir və girovluqda erməni terroru və vəhşiliyinin qurbanı olub. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda və ordu quruculuğunda böyük nailiyyətlər əldə olunub. Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir silahlarla təchiz edilmiş, nizam-intizamlı, işğal altındakı torpaqlarımızı azad etməyə qadir ordu formalaşıb. “2016-cı il aprel döyüşləri onu göstərdi ki, biz işğal altındakı bütün torpaqlarımızı azad edəcəyik. Xocavəndlilər bu müqəddəs yolda hər an əldə silah döyüşməyə hazırdırlar”, – deyə E.Hüseynov bildirib.
Tədbirdə çıxış edən məcburi köçkünlər, hərbiçilər və keçmiş döyüşçülər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hazır olduqlarını vurğulayıblar.
Sonda Xocavənd Rayon Mədəniyyət Evinin hazırladığı “Könlüm keçir Qarabağdan” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.