Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Cənab Kim Çanq-gyunun Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşü olmuşdur
25 oktyabr 2017-ci il tarixdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Cənab Kim Çanq Gyu, Kim Hvan Su (səfirin xanımı) , Kim Van (səfirin oğlu), səfirliyin əməkdaşları və koreyalı həkimlər Xocavənd qəsəbəsinə səfər etmişlər. Qonaqlar öncə Ümummilli liderin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı abidəsi önünə tər gül dəstələri düzərək ulu öndərin əziz xatirəsini yad etmişlər. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səfir və ailə üzvləri ilə görüşü olmuşdur. Görüş zaman Azərbaycan və Cənubi Koreya respublikaları arasındakı dostluq münasibətlərindən geniş söhbət açılmışdır. Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə də qonaqlara geniş məlumat verib. Bildirib ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağ müharibəsində rayonun 146 sakini şəhid olub, 300 nəfərdən çox insan sağlamlığını itirib. Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsini, eləcə də ətraf 7 rayonu da işğal edib, Azərbaycanlılara məxsus yaşayış məntəqələri, maddi-tarixi abidələr məhv edilib, dinc əhaliyə qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirilib. Təkcə Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı dinc sakinlərdən 118 nəfəri əsir götürülüb, 77 nəfər, o cümlədən 8 uşaq, 12 qadın qətlə yetirilib, kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.Hazırda rayon əhalisi ölkənin 36 rayonunda məskunlaşıb. Son illər Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün qəsəbələr salınıb, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır.“Dünya ictimaiyyəti münaqişəyə ikili standartlardan yanaşır. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə, beynəlxalq hüquqa əməl olunmur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu insanların hüquqları qorunmur. Biz dünya ictimaiyyətindən ədalət istəyirik”, – deyə Eyvaz Hüseynov vurğuladı.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Kim Çanq-gyu məcburi köçkünlərin üzləşdikləri çətinlikləri yaxşı başa düşdüyünü deyib. Ən qısa vaxtda məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını arzulayan səfir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Koreya xalqı Azərbaycanın yanındadır. Səfir eyni zamanda Koreya Respublikasının tanınmış Jaseng Şərq Təbabəti Klinikasının həkimləri tərəfindən aparılacaq müayinə və müalicə layihəsi barədə geniş məlumat verərək layihənin məqsədinin öz yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə dəstək vermək olduğunu vurğulamışdır.
Görüşün sonunda Başçı səfirə Qarabağ xalçası hədiyyə etmişdir , Səfir isə Eyvaz Hüseynova 2018-ci ildə Koreyada keçiriləcək Qış olimpiya Oyunlarının simvolunu təqdim etmişdir.