XOCAVƏND RAYONU AXULLU KƏNDİNİN ERMƏNİSTAN ORDUSU TƏRƏFİNDƏN İŞĞAL EDİLMƏSİNDƏN 21 İL KEÇİR
9 yanvar 2013-ci il tarixdə Xocavənd rayonu Axullu kəndinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin 21-ci ildönümü ilə əlaqədar kənd sakinləri və rayon ictimaiyətinin iştirakı ilə anım tədbiri keçirilmişdir.Tədbir rayon şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziyarət edilməsi ilə başlanıldı. Mərasim iştirakçıları abidənin önününə əklil və gül dəstələri qoyaraq onların xatirəsini dərin etiramla yad etdilər. 80-nəfərin qatıldığı tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Rafael Mustafayev çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən ətraflı bəhs edərək, münaqişənin ilk günlərindən Qarabağın bütün Azərbaycanlı yaşayış məntəqələri kimi Axullu kənd sakinlərinin də öz doğma yurdlarını mərdliklə müdafiə etdiklərini xüsusi vurğuladı. Bu hadisələrin canlı şahidi olan indiki nəslə bu tarixləri heç vaxt unutmamağı tövsiyyə edərək bildirdi ki, işğaldan, ölüm və itkidən də böyük faciə unutqanlıqdır. Çıxışının sonunda natiq kənd sakinlərinə səbr və dözüm dilədi və əmin olduğunu bildirdi ki,” Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və hər bir məcburi köçkün öz doğma yurd yuvasına qayıdacaqdır”.Tədbirdə Axullu kənd sakini N.Hüseynov çıxış edərək bir daha həmin günlərlə bağlı xatirələrini ürək ağrısı ilə danışdı. Çıxış edənlər Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması üçün hər an silaha sarılmağa hazır olduqlarını bildirdilər.