Şriftin ölçüsü :

Saytın rəngi :

“Bayrağımız milli qürurumuzdur” devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib

09 noyabr 2017 | 16:00

   9 noyabr 2017-ci il tarixdə Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində “Bayrağımız milli qürurumuzdur” devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib. Müdafiə Nazirliyi və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir qəsəbədəki idman kompleksindən Bayraq meydanına doğru yürüşlə başlayıb. Yürüşdə rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, idmançılar, Qarabağ müharibəsi veteranları ilə yanaşı, bölgədə yerləşən hərbi hissənin zabit və əsgərləri də iştirak edib. Üç minə yaxın insanın qatıldığı tədbirin iştirakçıları “Bayraq yürüşü”nün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanacağına əminliklərini bildiriblər.

   Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, Azərbaycan dövlətinin və istiqlalımızın müqəddəs rəmzlərindən olan Dövlət bayrağını milli kimliyimizin simvolu adlandırıb. O, hər bir azərbaycanlının qürur mənbəyi olan üçrəngli bayrağımızın yaranma tarixindən, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş dövlət bayrağımızın XX əsrin sonunda yenidən bərpa olunmasından danışıb.

   Milli Məclisin deputatı Elman Məmmədov son illər ölkəmizin artan nüfuzundan, bayrağımızın dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər tədbirlərdə dalğalanmasından bəhs edib, bütün məcburi köçkünlərin işğal altındakı ərazilərimizin azad ediləcəyinə inandıqlarını bildirib.Çıxışlarda 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan Ordusuna, doğma Qarabağımızın işğaldan azad ediləcəyinə inamın daha da artdığı vurğulanıb. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə  Xocavənd rayonunun ictimai-siyasi həyatında, rayon gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsi və ordu quruculuğu istiqamətində fəaliyyətlərinə görə “Xocavənd rayonunun fəxri sakini” adına layiq görülmüş bir qrup hərbçi təltif olunmuşdur.

     Əsgər və mülki şəxslər arasında  keçirilən  “Bayrağım - öz yurduma öz hakimliyim” mövzunda rəsm müsabiqəsinin   qaliblərinə, eləcə də   Silahlı Qüvvələrdə “Cüdo” idman növü üzrə yarışlarda qazandıqları yüksək nəticə göstərən hərbçilərə    hədiyyələrin təqdim edildiyi mərasim vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən kütləvi vətənpərvərlik tədbiri böyük coşqu ilə qarşılanıb.

 

 

Keçidlər