Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı şəhidlərinin xatirəsi yad edilmişdir.

17 fevral 2018 | 16:00

       Qaradağlı şəhidlərinin xatirəsi yad edilmişdir
    17 fevral 2018-ci il tarixdə Yeni Qaradağlı qəsəbəsində rayon ictimaiyyəti nümayəndələrinin, şəhid ailələrinin, müharibə veteranlarının, KİV-nin və N saylı hərbi hissənin əsgər və zabit heyətinin iştirakı ilə şəhidlərin xatirəsinə ucaldılmış abidə önündə Qaradağlı kəndinin Ermənistan ordusu tərəfindən işğal edilməsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə abidə önünə tər gül dəstələri qoyulmuş, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunmuşdur.
      Qaradağlı kəndi hələ ötən əsrin əvvəllərində bir neçə dəfə erməni vandallarının hücumlarına məruz qalmışdır. Həmin vaxtlarda da kənd əhalisinə qarşı çoxlu sayda qətliamlar və terror aktları törədilmişdir. Tarix boyu müsəlmanlara qarşı törətdikləri cinayətlərə görə cəzasız qalan ermənilər 1988 –ci ildən başlayaraq Dağlıq Qarabağ və onun ətraf rayonlarında xüsusi amansızlıqlar törədərək, həmin ərazilərdə yaşayan dinc azərbaycanlıları öz doğma ata-baba torpaqlarından didərgin salmışlar.Qeyd edək ki, 1992-ci il 17 fevral tarixində Xocavənd rayonunun Qaradağlı kəndinin ermənilər tərəfindən işğalı zamanı 118 nəfər əsir götürülmüş, 33 nəfər güllələnmiş, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərilərini torpaqlamışlar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilmişdir. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olmuşdur. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat etmişlər. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Müxtəlif vaxtlarda yaralanmış 28 nəfər kənd sakinindən 9 nəfəri qocalar, 5 nəfəri qadınlar olmuşdur. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş, 146 uşaq yetim qalmışdır. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılmışdır.Bu faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə azərbaycan, rus və ingilis dillərində “Soyqırım: Qaradağlı”, “Soyqırım: Qaradağlı davam edir”,"Qaradağlı-mübarizə" sənədli filmləri çəkilmiş və üç dildə azərbaycan, ingilis və rus dillərində məlumatların yerləşdirildiyi “Qaradağlı.org” internet saytı yaradılmışdır.

 

Keçidlər