15 mart 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərini qəbul etmişdir
15 mart 2018-ci il tarixdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller, Oqni Jovic və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşlarının iştirakı ilə təmas xəttinin Xocavənd rayonundan keçən hissəsində növbəti monitorinq keçirilmişdir. Monitorinqin keçiriləcəyi əraziyə getməzdən əvvəl nümayəndə heyətinin Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşü olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı qonaqları səmimi qarşılayaraq onları Qarabağda, öz doğma yurdlarımızda salamlayacağına ümid etdiyini bildirdi. Bunun üçün isə ilk növbədə Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad olunması və öz vətənində məcburi köçkünə çevirilmiş bir milyon insanın pozulmuş hüquqlarının bərpa olunmasının vacibliyini vurğuladı. Başçı regiona əbədi sülhün gəlməsi üçün dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməli olduğunu bildirdi. Eyvaz Hüseynov qeyd etdi ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu bu günə kimi Qarabağla bağlı heç bir iş görməyib. Biz öz dövlətimizə, Prezdentimizə inanırıq və ümidvarıq ki, biz öz qüvvəmizlə bu məsələni həll edəcəyik. 2016-cı ilin aprel döyüşləri bir daha ermənilərə göstərdi ki, Azərbaycan ordusu istənilən vaxt öz torpağını azad etməyə qadirdir.
Münaqişənin tarixi köklərinə diqqət çəkən Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, əlbəttə, Sizin də bu məsələlər barəsində kifayət qədər məlumatınız var. Ancaq bir daha nəzərinizə çatdırıram ki, Dağlıq Qarabağı Qarabağ erməniləri işğal etməmişdir. Bu ərazilər Sizin də yaxşı bildiyiniz kimi digər böyük güclərin köməyi ilə Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal zamanı tək Qarabağ ərazisi deyil, həmin əraziyə bitişik olan digər rayonlarımız, ümumilikdə, 20 faiz torpağımız işğal olunmuş, ermənilər tərəfindən qanlı soyqırımı aktları törədilmişdir. Lakin dünya birliyi, aparıcı dövlətlər işğalçı Ermənistanı öz adı ilə çağırmaq istəmir və həmişə bu dövlətə dəstək verirlər. Əfsuslar olsun ki, bu cür ikili standartlar davam edir.
Daha sonra bölgədəki vəziyyətlə bağlı monitorinq iştirakçılarına ətraflı məlumat verən İcra Hakimiyyətinin başçısı rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda daha intensiv xarakter daşıdığını, hərbçilərlə yanaşı təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfat işləri ilə məşğul olan mülkü şəxslər, onlara məxsus avtomobillər, mal-qara və atların Ermənistan ordusu tərəfindən hədəf seçildiyini bildirmişdir. Başçı bildirmişdir ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa olsun, öz ərazi bütövlüyünü təmin edəcəkdir.Görüşün sonunda Rayon İcra Hakimiyyəti başçısına səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür edən monitorinq qrupunun üzvüləri birbaşa qoşunların Xocavənd rayonu ərazisindən keçən təmas xəttinə yola düşdülər.