500 ailəlik məcburi köçkün qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
25 noyabr 2024 | 09:10
25 noyabr 2024-cü il tarixdə Xocavənd rayon 500 ailəlik məcburi köçkün qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatsa da, konfransda qaldırılan məsələlər, qəbul edilən qərarlar hələ də müzakirə olunmaqdadır. Yüksək səviyyədə təşkil olunan tədbirdə dünya ölkələrinin liderlərinin, ekofəalların, QHT və media nümayəndələrinin fəal iştirakı və sonda qəbul olunan tarixi qərar bu konfransın ölkəmizdə keçirilməsinə qarşı çirkin kampaniya aparanlara ən tutarlı cavab oldu. Azərbaycan “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bitərəf vasitəçi kimi çıxış etdi və danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bir çoxları Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil edəcəyinə və iqlim öhdəlikləri ilə bağlı effektiv qərara nail ola biləcəyinə şübhə ilə yanaşırdılar. Azərbaycan kiçik ada dövlətlərinin, zəif inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alaraq çağırışlar etdi. Dünyanın 190-dan artıq dövləti COP29-da müzakirələrə qoşuldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un təşkili bütün qonaqlar tərəfindən yüksək qiymətləndirildi. Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.