“Heydər Əliyev məktəblilərin gözü ilə” devizi altında dəyirmi masa keçirilmişdir.
16 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" Sərəncamı ilə bağlı “Heydər Əliyev məktəblilərin gözü ilə” devizi altında dəyirmi masa keçirilmişdir. Xocavənd rayon ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə 70 nəfər iştirak edirdi. Tədbirin iştirakçıları ilk öncə Ümummilli liderin abidəsi önünə tər gül dəstələri qoydular. Xocavənd rayon Mədəniyyət evində təşkil edilmiş tədbirdə Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və Ümummilli liderin həyat və fəaliyyətindən, uşaqlara sevgisindən bəhs edən film nümayiş etdirildi
Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini –İctimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ruslan Şirinov bildirdi ki, Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər onuncu ildir, bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər. Bu il Ulu öndərin 90 illik yubileyi bütün Respublika ərazisində təntənəli surətdə qeyd edilir. Xocavənd Rayon İcra hakimiyyəti Aparatında da yubileylə bağlı Tədbirlər Planı təsdiq edilmiş və buna əsasən sisilə tədbirlər keçirilir. “Heydər Əliyev məktəblilərin gözü ilə” adlanan bu tədbir də bu silsilənin tərkib hissəsidir. Tədbirdə iştirak edən Salakətin kənd tam orta və Xocavənd 4 saylı tam orta məktəblərinin şagirdləri Ümummili liderin tariximizdə mövqeyi, uşaq və gənclər siyasəti və digər mövzularda çıxış etdilər.