Tuğ kənd tam orta məktəbinin müəllim kollektivi ilə görüş keçirilmişdir.
Tuğ kənd tam orta məktəbinin müəllim kollektivi ilə görüş keçirilmişdir
02 noyabr 2018-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Tuğ kənd tam orta məktəbinin kollektivi ilə görüşmüşdür. Görüş zamanı Eyvaz Hüseynov bildirmişdir ki, bugünkü görüş heç də təsadüfi deyil, çünki bir neçə gün öncə-30 oktyabr Tuğ kəndinin işğalının növbəti ildönümü idi.
Başçı Tuğ kəndinin tarixi haqqında məlumat verərək bildirmişdir ki, Tuğ kəndi Xocavənd rayonunda, rayon mərkəzindən 53 kilometr cənub-qərbdə, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400-1500 m yüksəklikdə yerləşir. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır. Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. 135 il əvvəl tarix yazmağı, yaratmağı xoşlayan bu kəndin, eləcə də bütün Azərbaycanın həyatında çox mühüm, qeyri-adi bir hadisə baş verdi – rus-Avropa tipli yeni bir məktəbin əsası qoyuldu. O vaxt Qarabağda maarifpərvər əməlləri ilə böyük hörmət qazanmış Sadıq bəy və Mehdi bəy Məlikaslanovların yaxından köməyi, çar hökumətinin icazəsi ilə təşkil olunan bu məktəbə dövrün tanınmış ziyalılarından biri olan Mir Mehdi Xəzani (1811-1893) rəhbərlik edirdi. Onun ölümündən sonra – 1894-1922-ci illərdə məktəbə Məhəmməd bəy Məlikyeqanov, 1922-1934-cü illərdə Mustafa Cahangirov rəhbərlik edib.
Bu məktəbin yetirmələri olan neçə-neçə tanınmış ziyalı tariximizin müxtəlif dövrlərində nəinki Qarabağda, bütün Azərbaycanda ad-san sahibi idi. AXC hökumətinin iki üzvü – poçt, rabitə və dəmiryolu naziri Xudadat bəy Məlikaslanov və Bakı-Lənkəran qubernatoru Cavad bəy Məlikyeqanov məhz bu məktəbin yetirmələri idi. Bu kənddən "Hacı Qara" əsərində Mirzə Fətəli Axundov yazıb, "1905-ci ildə" pyesində Cəfər Cabbarlı söhbət açıb. Vaxtilə Qarabağın bu hissəsində böyük Üzeyir bəy dərs deyib -Vətən, millət, qəhrəmanlıq dərsi. O dərslərdən ruhlanan neçə-neçə elm-mədəniyyət xadimi, siyasət adamı, ən başlıcası, hünərvər müəllimlər ordusu yaranıb.
Başçı işğal zamanı və işğaldan sonra məktəbin çox çətinliklərlə üzləşdiyini, lakin artıq hər cür maddi-texniki bazaya malik müasir məktəbdə fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Bildirdi ki, belə böyük bir tarixi olan məktəbin müəllimlərin üzərinə daha böyük məsuliyyət düşür.
Görüş zamanı müəllimlərlə maraqlı müzakirələr aparıldı, onların təklif və düşüncələri dinlənildi.