Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri SymonTyler və Oqnyen Yoviç Xocavənd qəsəbəsində olublar.

05 dekabr 2018 | 16:00

       ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri SymonTyler və Oqnyen Yoviç dekabrın 4-də xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində olublar.
        Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qonaqları səmimi qarşılayaraq, onları Qarabağda, öz doğma yurdlarında salamlayacağına ümid etdiyini bildirib. Eyvaz Hüseynov qeyd edib ki, ATƏT tərəfindən heç bir addım atılmır buna görə biz ATƏT-ə olan ümidimizi itirmişik. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, işğal olunmuş Azərbaycan torpaqları tezliklə azad edilməli və öz vətənində məcburi köçkünə çevrilmiş bir milyon 300 min insanın pozulmuş hüquqları bərpa olunmalıdır. Bunun həyata keçməsi, regionda əbədi sülhün təmin olunması üçün isə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir.
         Rayon İcra Hakimiyyətinin başçısı münaqişənin tarixi köklərinə nəzər salıb, işğal edilmiş torpaqlarımızda Ermənistan silahlı birləşmələri tərəfindən qanlı soyqırımı aktlarının törədildiyini, etnik təmizləmə aparıldığını diqqətə çatdırıb. “Dünyanın güclü dövlətləri ATƏT-in üzvüdürlər. Bu dövlətlərin problemlə bağlı fəaliyyətlərinin heç bir real nəticəsi yoxdur. Nə qədər ki, Avropa dövlətləri erməni yalanlarına inanır, bəzən ona dəstək verir, vəziyyət daha da gərginləşir. Biz də münaqişənin sülh yolu ilə həllini istəyirik. İstəyirik ki, işğal edilmiş torpaqlarımız danışıqlar yolu ilə qaytarılsın. Lakin erməni tərəfi danışıqları uzadır, torpaqlarımızı işğal altında saxlayır. Lakin bütün dünya bilsin ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa-olsun öz ərazi bütövlüyünü təmin edəcək” - deyə E.Hüseynov bildirib.
       Daha sonra bölgədəki vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verən İcra Hakimiyyətinin başçısı rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda intensiv xarakter daşıdığını bildirib. Hərbçilərlə yanaşı, təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərin, onlara məxsus avtomobillərin, mal-qaranın Ermənistan ordusu tərəfindən hədəf seçildiyi diqqətə çatdırılıb.
       ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür ediblər.

Keçidlər