Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin xatirəsinə həsr olunmuş idman turnirinə start verildi.

06 fevral 2019 | 16:00

            Şəhidlərin xatirəsinə həsr olunmuş idman turnirinə start verildi.
      Xocavənd rayon İdman Kompleksində 2017-ci il fevral ayının 24-dən 25-nə keçən gecə şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun 5 hərbçisinin xatirəsinə həsr olunmuş idman turnirinə start verildi. Hərbçilər arasında keçirilən yarışda idmanın cüdu, yunan-roma, sərbəst güləş və ağır atlerika növləri üzrə idmançılar güclərini sınayacaqlar. Turnirin açılış mərasimində II Ordu Komandanı, general-mayor Mais Bərxudarov və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak etmişdir. II Ordu Komandanı, general-mayor Mais Bərxudarov bildirmişdir ki, fevral ayının 24-dən 25-ə keçən gecə erməni silahlı qüvvələri yenidən bütün cəbhə boyu irimiqyaslı təxribata əl atdılar. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında ağır toqquşma baş verdi, silahlı qüvvələrimizin bölmələri düşmən hücumunun qarşısını cəsarətlə aldı.Amma bu döyüşdə Azərbaycan ordusunun 5 hərbçisi həlak olaraq şəhidlik zirvəsinə ucaldı.“Şəhidlər bir daha sübut etdilər ki, bu torpaqlar bizimdir. Biz onu azad etməliyik. Şəhid ailələri öz övladlarını Vətən uğrunda qurban verir və “Vətən sağ olsun” deyirlər. Bu gün xalq və ordu bir yerdədir. Bu birliyin sayəsində aprel ayında torpaqlarımızın bir hissəsini işğaldan azad etdik. Gün olacaq ki, biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik”- deyə Mais Bərxudarov əlavə etdi.
Tədbirdə çıxış edən Eyvaz Hüseynov bildirdi ki,
tarixin bütün dövrlərində, doğma yurdun başı üzərini qara buludlar alanda məhz bu qəhrəman və cəsur Vətən övladları öz sinələrini düşmənə sipər etmiş, millətimizin qəhrəmanlıq salnaməsinə şanlı səhfələr yazmışlar.
       2017-ci ilin fevral ayında Vətənimizin azadlığı, müqəddəs torpaqlarımızın toxunulmazlığı naminə canından keçən oğullarımız da hər zaman qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayır, qəhrəmanlıq, şərəf və qeyrət nümunəsi kimi gələcək nəsillərə örnək olaraq təqdim olunurlar. Başçı həmiçinin ordu quruculuğu haqqında geniş məlumat verərək bildirdi ki, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir.Ulu Öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev son illərdə bu sahədə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Cənab Prezident İlham Əliyevin Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirməsi sayəsində ölkənin hərbi potensialı daha da möhkəmlənmiş, Azərbaycan təmas xəttində tam üstünlüyünü təmin etmiş və öz iradəsini diktə etmişdir. Ötən illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər görülmüş və iki dəfə keçirilən hərbi paradda texnikamızın bir hissəsi nümayiş etdirilmişdir. Onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli "Polonez” və "LORA” raket sistemləri, yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi bizim hərbi gücümüzü daha da artırır. Bununla yanaşı Silahlı Qüvvələrimiz Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini və Şərur rayonunun Günnüt kəndini düşməndən azad edərək dövlət sərhədi boyunca əlverişli mövqeləri nəzarət altına almış, əldə edilmiş strateji xarakterli yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaratmışdır. Azərbaycan qısa müddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi mesaj verdi ki, danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına əsasən ən qısa müddətdə öz torpaqlarını azd etmək,ərazi bütövlüyünü təmin etmək əzmindədir. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri, bir daha təsdiqləyir ki, Ermənistanla müharibənin başlayacağı təqdirdə ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər vardır. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir.

 

Keçidlər