"Qaradağlı sakinləri ermənilərə qarşı inadla müqavimət göstərib, doğma torpağın hər qarışı uğrunda sonadək döyüşüb, şəhidlər veriblər".
"Qaradağlı sakinləri ermənilərə qarşı inadla müqavimət göstərib, doğma torpağın hər qarışı uğrunda sonadək döyüşüb, şəhidlər veriblər".
Rayon Mədəniyyət evində Qaradağlı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirin iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, “Soyqırımı: Qaradağlı” filminə baxıblar. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Qaradağlı kənd sakinləri çıxış edərək 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərinə baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən, erməni hərbi birləşmələrinin 27 il əvvəl Qaradağlı kəndində törətdikləri vəhşiliklərdən, kəndin özünümüdafiə dəstəsinin düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparmasından danışıblar.
Bildirilib ki, Qaradağlı sakinləri ermənilərə qarşı inadla müqavimət göstərib, doğma torpağın hər qarışı uğrunda sonadək döyüşüb, şəhidlər veriblər. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak ediblər.
Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 14-də erməni quldurları Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə edərək qədim Azərbaycan kəndi olan Qaradağlıya hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə aparıb. Fevralın 17-də silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüb, kənd işğal edilib. Əsir götürülən kənd sakinlərinə işgəncələr verilib, onlardan 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad olunub. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb.
Tədbirdə vurğulanıb ki, bu gün bizim ən müqəddəs vəzifəmiz işğal altındakı torpaqlarımızı azad etməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində böyük nailiyyətlər əldə olunub. Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir silahlarla təchiz edilmiş, yüksək intizamlı, işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir ordu formalaşıb.
Çıxışlarda hazırda işğal altındakı torpaqlarımızın Azərbaycan Ordusunun qüdrəti, Prezident, Ali Baş komandan İlham Əliyevin qətiyyəti sayəsində azad olunacağına əminlik ifadə edilib.
Sonra Qaradağlı faciəsi qurbanlarının xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.