Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
27 mart 2019-cu il tarixdə Xocavənd qəsəbəsi Mədəniyyət evində Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzmüş və ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı, Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çəkilmiş sovet hakimiyyəti dövründə respublikanın təhlükəsizlik orqanlarına (Dövlət Təhlükəsizlik Komitəsi) rəhbərlik edən ulu öndərin bilavasitə səyi nəticəsində xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı hadisələri özündə əks etdirən, ssenari müəllifi və rejissoru Etibar Məmmədov olan “Qalxan və Qılınc” filmi nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakmiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını peşə bayramları və təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyi münasibəti ilə təbrik etmiş, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunması sahəsində fəaliyyətlərində uğurlar arzulamışdır. Başçı Azərbaycan Dövlət Təhlükəsizliyi orqanının tarixindən danışaraq, 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlıların rəhbərlik etdiklərini bildirmişdir. Natiq həmin il ulu öndər Heydər Əliyevin Azərbaycan DTK-nin sədri təyin olunması ilə Azərbaycanlı kadrların hazırlanması istiqamətində ciddi addımların atıldığını diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Namiq Qarayev Azərbaycan Respublikası Təhlükəsizlik orqanlarının yaranması haqqında ətraflı məlumat vermişdir.
Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup hərbi qulluqçusu Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunmuşdur.