Hərbi vətənpərvərlik həftəsi-Horadiz
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib.
Vətənpərvərlik həftəsi çərçivəsində Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi önündə anım mitinqi keçirilib. Füzuli rayon ictimaiyyətinin, N saylı hərbi hissənin şəxsi heyətinin, Lələtəpə şəhidlərinin ailə üzvlərinin, müharibə veteranlarının iştirak etdikləri tədbirdə Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani “Aprel döyüşləri bizim şanlı tariximizdir” mövzusunda çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs edib. Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində şanlı səhifə təşkil etdiyini deyən A.Qurbani bildirib ki, ordumuzun bölmələri Ermənistan silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərdəki təxribatlarının qarşısını alaraq, əks-hücuma keçib və bir gecədə düşməni ram edərək, onların qürurla adlandırdıqları “Ohanyan” xəttini yarıb, beləliklə də ermənilərin uydurduqları mif darmadağın edilib.
Anım mərasimində Füzuli, Cəbrayıl və Xocavənd Rayon icra hakimiyyətlərinin başçıları Alı Alıyev, Kamal Həsənov və Eyvaz Hüseynov, birlik komandiri, general-mayor Mais Bərxudarov çıxış edərək, 2016-cı ilin aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini ifadə ediblər.
Şəhid ailələrinin nümayəndələri çıxışlarında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə daim diqqət və qayğı göstərdiklərini qeyd edərək minnətdarlıqlarını bildiriblər.
Mərasim iştirakçıları “Aprel şəhidlərinə xatirə” abidəsinin önünə əklil və tər çiçəklər qoyaraq, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Cocuq Mərcanlıya gedən yolun kənarlarına Aprel şəhidlərinin hər birinin xatirəsinə bir çinar ağacı əkilib. Aprel zəfərinin dördüncü ilində çinar ağaclarının yaxınlığında hər bir şəhidin portreti qoyulacaq.
Həmin gün Füzuli rayonunun Alıxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyevanın xatirəsinə hərbi birlik komandanlığının təşəbbüsü ilə yaradılan uşaqlar üçün parkın və abidənin açılışı olub.
Hərbi vətənpərvərlik həftəsi çərçivəsində növbəti tədbir Beyləqan Rayon Mədəniyyət Mərkəzində keçirilib. Müharibə veteranlarının, şəhid ailələrinin, Aprel döyüşlərinin iştirakçılarının, hərbi qulluqçuların, Beyləqan, Cəbrayıl və Xocavənd rayon ictimaiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Əməkdar jurnalist, şair-publisist Rəşid Faxralının “Lələtəpə” poeması əsasında ədəbi-musiqili kompozisiya təqdim olunub. Kompozisiyada Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Pərvanə Qurbanova, Əməkdar incəsənət xadimi Abdulla Qurbani və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin heyəti iştirak edib.
Tədbirə 2016-cı ilin Aprel döyüşlərində, eləcə də keçən ilin mayında Naxçıvan Muxtar Respublikasında uğurlu əməliyyatlarda müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarının gətirilməsi alqışlarla qarşılanıb. Əminliklə bildirilib ki, bu bayraqlar tezliklə işğaldan azad ediləcək digər torpaqlarımızda da ucaldılacaq və Bakıya - Azadlıq meydanına gətirilərək qələbə paradında nümayiş olunacaq.
Beyləqan və Xocavənd rayon icra hakimiyyətlərinin başçıları Asif Ağayev, Eyvaz Hüseynov, birlik komandiri, general-mayor Mais Bərxudarov, polkovnik Abdulla Qurbani və şəhid ailələrinin nümayəndələri çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, 2016-cı ilin aprel ayında düşmən üzərində qazandığı şanlı zəfərdən danışıb, Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın hazırda işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminliklərini ifadə ediblər.