Narkomaniya və dini radikalizmlə mübarizəyə həsr olunmuş növbəti tədbir Tuğ kənd tam orta məktəbində keçirildi.
Xocavənd rayon Tuğ kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında tədbir keçirilib. Tədbirdə başçının müavini, Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Komissiyasının sədri Əfsanə Quliyeva, Rayon Polis Şöbəsinin rəisi Xəyyam Mirhüseynov, məktəbin müəllim və şagird kontingenti iştirak etmişdir. Tədbirdə qeyd edilib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.
Gənclərlə keçirilən görüşdə dini radikalizm və onun fəsadları, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodları, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən, bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışılıb.
Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Çıxış edənlər erkən nikahın gənc xanımlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntularına səbəb olduğu da bildirilib.