Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə başlayan gənclərlə görüş keçirdi.

05 aprel 2019 | 16:00

        03 aprel 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov könüllü fəaliyyətə başlayan gənclərlə görüş keçirdi. Əvvəlcə Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ə.Quliyeva məlumat verərək bildirdi ki, “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında qeyd edilən vəzifələrin icrasını təmin etmək məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsinə başlamışdır. Könüllü fəaliyyətin rəsmiləşdirilməsi üçün Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə könüllülərlə iş üzrə koordinator və könüllülərlə müqavilə bağlamaq səlahiyyəti olan şəxs müəyyən edilmiş, Rayon İcra Hakimiyyətinin veb-səhifəsində “Könüllü fəaliyyət” əsas bölmə olmaqla, müvafiq altbölmələr yaradılmış, könüllü fəaliyyətinə başlanılması barədə İcra Hakimiyyətinin sosial şəbəkələrdəki rəsmi səhifələrində elanlar yerləşdirilmişdir. Könüllü fəaliyyətlə maraqlanaraq müraciət edən gənclərlə müsahibə keçirilmiş, aprel ayının 1-dən etibarən 3 nəfər könüllü Rayon İcra Hakimiyyəti Başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamışlar.
          Rayon İcra Hakimiyyətinin başçısı cənab E.Hüseynov əvvəlcə könüllü fəaliyyətə başlayan gəncləri salamladı və onlara uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. Könüllülük faəliyyətinin dünyada kütləvi bir sosial fəaliyyətə çevrildiyini vurğulayan natiq müasir Azərbaycanda könüllülük sahəsində real inkişafın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladığını bildirdi və könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişinin məhz ümummilli liderimizin adı ilə bağlı olduğu diqqətə çatdırdı. Başçı vurğuladı ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi
           Başçı qeyd etdi ki, XXI əsrin əvvəllərindən ölkəmizin yüksək neft gəlirləri ilə müşayiət olunan yeni bir dövrü başladı. Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün mühüm önəm daşıması danılmaz idi. Beləliklə, Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi və Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı yaradıldı.
          Daha sonra başçı qeyd etdi ki, son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşdı. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.
Sonda başçı könüllü fəaliyyətə başlayan gənclərə uğurlar arzulayaraq gənclərə bütün lazımi köməkliklərin göstərilməsi üçün tapşırıqlarını verdi.

 

Keçidlər