Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyanın zərərləri” başlıqlı tədbir keçirilmişdir.

31 may 2019 | 16:00

      30 may 2019-cu il tarixdə Xocavənd qəsəbəsi, Rayon mədəniyyət evində Xocavənd Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyanın zərərləri” başlıqlı tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Regional Həkim Ambulatoriyasının rəisi, tibb xidməti polkovnik-leytenantı Həbib Məmmədov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Xəyyam Mirhüseynov öncə tədbir iştirakçılarını salamlamış, qonaqlara xoş arzularını çatdırmışdır. Daha sonra tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam etdirilmişdir. Xəyyam Mirhüseynov tədbirin keçirilməsinin məqsədi barədə iştirakçılara ətraflı məlumat verərək bildirmişdir ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Rəis bu istiqamətdə keçirilən tədbirlərdə əsas məqsədin yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsi olduğunu qeyd etmişdir. Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbin şagirdləri narkomaniya bəlasına düçar olanlar arasında gənclərin çox olmasını təəssüflə qeyd etmişlər. Şagirdlər gənclərimizi hər an ayıq sayıq olmağa və pis vərdişlərdən uzaq durmağa səsləmişlər. Daxili İşlər Nazirliyinin Bərdə Regional Həkim Ambulatoriyasının rəisi, tibb xidməti polkovnik-leytenantı Həbib Məmmədov çıxışı zamanı bildirmişdir ki, bu gün bəşəriyyəti böyük təhlükə qarşısında qoyan və başlıca bəlaya çevrilmiş ciddi problemlərdən biri olan narkomaniya sürətlə genişlənməkdədir. İnsan orqanizminə, səhhətinə, sağlamlığa və mənəviyyata ağır zərbə vuran, çirkin və ikrah doğuran bu zərərli vərdiş, narkotika aludəçiliyinə qarşı dünyanın bütün sivil ölkələrində ciddi mübarizə aparılır. Həbib Məmmədov Azərbaycanda narkomaniyaya qarşı aparılan maarifləndirici, proflaktik və cəza tədbirlərinə baxmayaraq, bu faciəni bəlanın nəinki kökünü kəsmək mümkün olmuş, əksinə narkotika istifadəçilərinin sayının artımı və onun yeniyetmə və gənclər arasında da yayılması hallarının gücləndiyini bildirmişdir. Natiq zərərli vərdiş və asılılıq yaradan maddələrin mərkəzi sinir sitemində, yəni baş və onurğa beyində, beyincikdə əhəmiyyətli dəyişikliklərin yaranmasına, beyin hüceyrələrində oksidləşmə-bərpa prosesinin pozulmasına səbəb olduğunu və bu təsir nəticəsində insanın emosional vəziyyətində depressiv fon-əhval düşkünlüyü, intellektual fəaliyyətində, yəni təfəkkürü və zehni qabiliyyətlərində, habelə hafizə, iradəsi və davranışında müxtəlif pozğunluqların meydana gəldiyini vurğulamışdır. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışı zamanı bildirmişdir ki, ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində də ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir. Başçı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək bildirmişdir ki, bu gün işğal olunmuş və nəzarətdən çıxmış torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır ki, bu da dünyanın bütün sivil ölkələrini düşündürməlidir. Çünki, bölgədə narkotiklərin kök salması, təkcə ölkə və region üçün deyil, həm də digər dövlətlər üçün gələcəkdə qarşısı alınmaz qüvvəyə çevrilə bilər. Gənclərimizi bu kimi pis vərdişlərdən uzaq saxlamaq üçün ailənin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan başçı belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib.

Keçidlər