Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının hesabat iclası keçirilmişdir.

09 avqust 2019 | 16:00

09 avqust 2019-cu il tarixdə "2019-cu ilin altı ayı ərzində Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə " Rayon İcra Hakimiyyəti başçısının hesabat iclası keçirilmişdir. 

Hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Son illər həyata keçirilən islahatlar paketinin əsas məqsədi əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir.2019-cu il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə qeyd etdiyi kimi, sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi nəticəsində bu ilin altı ayında iqtisadiyyat 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesində isə artım 15,7 faiz təşkil etmişdir. Kənd təsərrüfatı 13 faiz artmış, bu il 700-dən çox texnikanın satılması təmin edilmişdir. Həmçinin bitkiçilik 25 faiz, taxıl istehsalı isə 40 faiz artmışdır. Valyuta ehtiyatları 4 milyard dollar artaraq 49 milyard dollar səviyyəsinə çatmışdır. Birinci yarımildə ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulmuşdur. Ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı isə 15 faiz artmışdır. Manatın məzənnəsi sabit olmaqla inflyasiya cəmi 2,5 faiz olmuş, əhalinin gəlirləri isə 6,6 faiz artmışdır.

Hesabat dövründə sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılmış, ilin ikinci yarısında isə 120 milyon manat həcmində güzəştli kredit veriləcəkdir. Büdcə daxilolmaları 440 milyon manatdan çox artmışdır.
Məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi nəticəsində ilin əvvəlindən 60 min yeni iş yeri açılmış, 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılmışdır. Özünüməşğulluq Proqramı ilə bağlı görülmüş işlər nəticəsində artıq 4 min nəfər bu il təlimlərdən keçirilib, 1100 nəfər aktivlər əldə etmişdir.
Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzində olmuşdur. Bu ilin əvvəlində 4 milyondan çox insanı əhatə edən çox böyük sosial paketin cənab Prezident tərəfindən təsdiqlənməsi nəticəsində minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılaraq 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılmışdır. Sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmış, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır.
Hesabat dövründə “Dövlət Proqramı”na uyğun olaraq ayrı-ayrı məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələləri üçün Beyləqan rayonunun inzibati ərazisində 146 ailəlik qəsəbənin tikintisi başa çatdırılmışdır.
Təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq Yeni Qaradağlı qəsəbəsində 12 ədəd artezian quyusunun işıq xətti (9 km məsafə) dəyişdirilmiş, Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksində 12 ədəd, Xocavənd qəsəbəsi ilə 320 ailəlik qəsəbəni birləşdirən yolun işıqlandırılması üçün isə 20 ədəd işıq dirəkləri quraşdırılmış, 320 ailəlik qəsəbədə 2 qrup üzrə uşaq bağçası fəaliyyətə başlamışdır.
Xalçaçılıq sənətinin inkişafı etdirilməsi və məcburi köçkünlərin işlə təmin edilməsi üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon ərazisində xalça istehsalı emalatxanasının tikintisi məqsədilə 0.4 (63X63) hektar torpaq sahəsi ayrılmışdır. Bu ilin sonuna kimi xalça sexinin tikintisi nəzərdə tutulmuşdur.
Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və həssas kateqoriyalardan olan aztəminatlı ailələrin sosial vəziyyətini qismən yaxşılaşdırmaq məqsədilə altı ay ərzində 59 ailəyə orta hesabla 154 manat maddi yardım göstərilmişdir.
Xocavənd Rayon Vergilər Şöbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1116 nəfər qeydiyyatdadır ki, onlardan da 151 hüquqi, 965 nəfər isə fiziki şəxsdir. Bu günə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olan istər fiziki, istərsə də hüquqi şəxslərin fəaliyyətinə qeyri-qanuni müdaxilə olunmamışdır.
2019-cu il iyulun 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1342 nəfər olmuş, onlardan 1295 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 47 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 41,2% təhsil, 3,2% sənaye, 21,0% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 15,6% dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,4% nəqliyyat və anbar təsərrüfatı, 1,4% peşə, elmi və texniki fəaliyyət, 2,9% kənd təsərrüfatı, 11,4% istirahət, əyləncə və incəsənət sahəsində, 0,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. 2019-cu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9% artaraq 583,7 manat olmuşdur. Xocavənd Rayonda isə muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 327,1 manat olmuşdur.
Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində rayon üzrə 55 nəfərə aktivlər verilmişdir ki, onlardan 53 nəfəri kənd təsərrüfatı, 2 nəfəri isə istehsal sahələri üzrə olmuşdur. Bununla yanaşı Mərkəzə müraciət etmiş aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması üçün kriteriyalara uyğun vətəndaşlar seçim turuna çağırılmış, onlardan 31 nəfəri bir aylıq təlim kursunda iştirak etmək hüququ qazanaraq təlim kursunu başa vurmuşdular. Hal-hazırda 14 nəfər 36 saatlıq təlim kursuna cəlb edilmişdir.
01 iyul 2019-cu il tarixə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xocavənd Rayon Şöbəsində 1090 nəfər təqaüdçü qeydə alınmışdır ki, bunlardan 928 nəfəri işləməyən, 162 nəfəri isə işləyən təqaüdçülərdir. Həmçinin 947 nəfərə sosial müavinət verilmişdir.
2019-сu ilin yanvar-iyun aylarında rayon iqtisadiyyatının bütün sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 9970,3 min manat təşkil etmişdir. Məhsul xidmətlərinin 97,8% istehsal sahələrinin, 2,2 faizi isə xidmət sahələrinin payına düşmüşdür. İqtisadiyyatının bütün sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmində keçən ilin müvafiq dövrünə nisbətən 19,5% artım müşahidə olunmuşdur.
Hesabat dövründə rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2127 baş, o cümlədən inək və camışlar 933 baş, qoyun və keçilər 17593 baş olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı (diri çəkidə) 6072 sentner, süd istehsalı (fiziki çəkidə) 15814 sentner, yumurta istehsalı (min ədədlə) 199 ədəd, yun istehsalı (fiziki çəkidə) 158 sentner olmuşdur. Kənd təsərrüfatında göstərilmiş və istehsal olunmuş məhsulun (işin, xidmətin) həcmi faktiki qiymətlərlə 9743,2 min manat olmaqla, bitkiçilikdə 6114,5 min manatlıq, heyvandarlıqda isə 3628,7 min manatlıq və keçən ilin müvafiq dövrünə nisbətən 16,9% artım müşahidə edilmişdir.
“2019-ci ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq Xocavənd rayonunda 2019-cu il iyun ayının 1-i vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə cari ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin qəti uçotu keçirilmişdir. Keçən ilin payızında suvarılan və suvarılmayan sahələrdə dən və yaşıl yem üçün əkin işləri aparılmışdır. Cari ilin məhsulu üçün rayonda 9002.3 hektar sahədə əkin işləri aparılmışdır. Əkin sahələri keçən ilə nisbətən 310.9 hektar və ya 3.5% artmışdır. Cari ilin məhsulu üçün əkinlərin 100%-i ailə kəndli və ev təsərrüfatlarında aparılmışdır. Rayonda 2019-cu ilin məhsulu üçün əkin sahələrinin 90,5% buğda, 2,8% arpa, 0.3% kartof, 1,4% tərəvəz, 0.4%-i bostan bitkiləri, 4,6%-i çoxillik otlar olan yonca təşkil etmişdir.
2019-ci il 01 iyun vəziyyətinə rayon ərazisində aparılmış əkin sahəsini 8150 hektar buğda, 250 hektar arpa, 28.1 hektar kartof, 126.7 hektar tərəvəz, 31 hektar ərzaq üçün bostan bitkiləri, 416.5 hektar cari və keçmiş illərdə əkilmiş çoxillik otlar olan yonca sahəsi təşkil edir
2019-cu ilin məhsulu üçün əkilmiş 8150,0 hektar buğda sahəsinin hər hektarından 21,5 sentner olmaqla 17522,5 ton buğda məhsulu, 250 hektar arpa sahəsinin hər hektarından 23,3 sentner olmaqla 582,5 ton arpa məhsulu əldə olunmuşdur. Bununla yanaşı 2019-cu ildə rayon ərazisində 83,3 hektar sahədə soğan əkilmişdir.
Baramaçılığın inkişafı ilə əlaqədar olaraq rayonda 15500 ədəd, cari ildə isə 22500 ədəd olmaqla cəmi 38000 ədəd tut tingi əkilmişdir. Keçən dövr ərzində 50 qutu ipək qurdundan 2001,0 kq yaş barama istehsal olunmuşdur.
Arıçılığın inkişafı ilə əlaqədar 40 nəfər istehsalçının 490 arı ailəsi qeydiyyata aılınmış, süni mayalama yolu ilə alınmış 16 baş buzova görə dövlət tərəfindən hər buzova 100 manat hesabı ilə verilən subsidya heyvan sahiblərinə çatdırılması təmin olunmuşdur.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Ölkəmizi tanıyaq" layihəsində 23-26 mart 2019-cu il tarixlərində Quba-Qusar-Xaçmaz marşrutu üzrə Xocavənd rayonundan 20 şagird və 2 nümayəndənin iştirakı təmin edilmişdir.
Keçən dövr ərzində rayon üzrə 18 yaşdan yuxarı olan 8121 nəfər rayon sakinlərindən 6759 nəfəri pulsuz tibbi müayinədən yararlanmışdır ki, onlardan 6359 nəfəri sağlam hesab edilmiş 337 nəfəri ambulator müalicəyə, 61 nəfəri isə stasionar müalicəyə cəlb olunmuş, 2 nəfər müayinə və müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Birinci yarım il ərzində vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyəti başçısı Aparatına 143 müraciət daxil olmuşdur(2018-ci ildə 159). Rəqəmlərdən göründüyü kimi 2018-ci illə müqayisədə 2019-cu il ərzində müraciətlərin sayı 10,1 (16 müraciət) faiz azalmışdır.
Hesabat dövrü ərzində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 35 nəfər(2018-ci ildə 31 nəfər) ayrı-ayrı şöbələr tərəfindən isə 250 nəfər (2018-ci ildə 263 nəfər) rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər yerindəcə öyrənilmiş və müvafiq köməkliklərin göstərilməsi təmin edilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında məşvərətçi orqan olan Şura, üzvlərinin yekdil iştirakı təmin olunmaqla ayda iki dəfə keçirilmişdir. Keçirilmiş Şura iclaslarında 16 məsələnin müzakirə edilməsi nəzərdə tutulduğu halda 19 məsələ müzakirəyə çıxarılaraq geniş şəkildə müzakirə edilmiş və müvafiq tapşırıqlar verilmişdir. Hesabat dövrü ərzində Şuranın 1 səyyar iclası keçirilmişdir.
Məcburi köçkünlərin məskunlaşdığı rayonlarda, eləcə də rayonun kənd və qəsəbələrində 21 səyyar qəbul keçirilmişdir. Keçirilmiş görüşlərdə ümumilikdə 1213 nəfər rayon sakini iştirak etmiş və müxtəlif problemlərlə bağlı qaldırılmış 44 məsələ bütünlüklə öz müsbət həllini tapmışdır.
Rayonunun azərbaycanlı əhalisi 01.07.2019-cu il tarixə 3157 ailə olmaqla 12661 nəfərdir. Altı ay ərzində doğulan uşaqların sayı 117, vəfat edən vətəndaşların sayı isə 42 (2018-ci il 33) nəfər olmuşdur. Əhalinin təbii artımı 76 nəfər təşkil edir. Qeydiyyata düşən vətəndaşların sayı 104 nəfər, qeydiyyatdan çıxan vətəndaşların sayı isə 55 nəfər təşkil etmişdir. Əhalinin miqrasiya artımı 49 nəfər olmuşdur. Rayon üzrə10 rəsmi nigah bağlanmış və 1 nigah pozulması qeydə alınmışdır.
Hesabat dövrü ərzində rayonda həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi təmin edilmiş və 28 nəfər həqiqi-hərbi xidmətə yola salınmışdır.
Xocavənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirərək dövlətimizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə fəaliyyətlərini davam etdirəcəklər. Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini davamlı olaraq yaxşılaşdırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, 2019-cu il də əvvəlki illər kimi möhtərəm Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb.
Sonda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən  "Dövlət qulluğunda fərqlənməyə görə”,   eləcə də Qarabağ döyüşlərində fəal iştirakına görə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi"  medalı ilə təltif olunan şəxslərə medallar təqdim edildi.

Keçidlər